Xədicə İsmayılova və vəkili mətbuat konfransı keçiriblər

Xədicə İsmayılova və vəkili mətbuat konfransı keçiriblər
# 27 aprel 2012 13:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova və vəkili Adil İsmayılov mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, mətbuat konfransında X. İsmayılova bildirib ki, tədbir Bakı şəhər Prokurorluğunun ötən gün yaydığı rəsmi məlumata cavab məqsədi daşıyır.

Bakı şəhər Prokurorluğunun ötən gün yaydığı açıqlamada istintaq sirrinin yayıldığını iddia edən jurnalist bunun qanunla yolverilməz olduğunu qeyd edib: “Prokurorluq cinayəti törədən şəxsləri müəyyən etmək əvəzinə, mənim şəxsi həyatımı, dostlarımı araşdırmaqla məşğul olub”.

Daha sonra mətbuat konfransında çıxış edən vəkil Adil İsmayılov istintaqın ləng aparılmasından şikayətlənib: “Biz dəfələrlə istintaqa bildirmişik ki, hadisələr cərəyan edən mənzilə telefon xəttinin çəkilişini araşdırsın. Həmin ev Emin Milliyə məxsusdur. Ev sahibinin icazəsi olmadan sözügedən mənzilə ötən ilin iyul ayında telefon xətti çəkilib”.

A. İsmayılov bildirib ki, ötən gün yaydığı məlumatla bağlı Bakı şəhər Prokurorluğu məhkəməyə veriləcək.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğu ötən gün jurnalist X. İsmayılova ilə bağlı növbəti açıqlama yayıb. Məlumatda bildirilir ki, istintaqla müəyyən edilib ki, 2011-ci ilin may ayınadək Bakı şəhəri, Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ev 30, mənzil 5-də Abdullayev Emin Paşa oğlu yaşayıb, sonradan isə X. İsmayılova, Emin Abdullayev tərəfindən ona verilmiş 24 avqust 2011-ci il tarixli etibarnamə əsasında 2011-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər qeyd olunan mənzildə kirayədə yaşayıb.
Məlumatda həmçinin həmin mənzildə 2011-ci ilin sentyabr ayından noyabr ayınadək Vəfa Cəfərova və həyat yoldaşı Azər Məmmədovun, noyabr ayından 2012-ci ilin yanvar ayına qədər tanışı Vəfa Cəfərovanın xalası qızı Əliyeva Leyla Şadil qızı, fevral ayından mart ayına qədər isə Qəmbər İlkin İsa oğlu kirayədə yaşadığı bildirilib.

X. İsmayılovaya göndərilən zərfin Moskva şəhərindən Valeriy Mərdanovun adından gəldiyinin də müəyyənləşdiyi bildirilib.

X. İsmayılovanın bacısı Səbinə Rəhimova, qardaşı Məmmədağa İsmayılov, 2011-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər yaşadığı mənzilə müxtəlif məqsədlərlə gələn çoxsaylı şəxslər - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistratura pilləsinin tələbəsi, əlaqədə olduğu İbadov Əli Akif oğlu, həmin mənzildə şəxsi xadiməsi kimi işlətdiyi Zeynalova Zeynəb Əlfəddin qızı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Qeyri Hökumət təşkilatında tərcüməçi işləyən Qəmbər İlkin İsa oğlu, tanışı Əliyeva Leyla Şadil qızı, BDU-nin Hüquq fakültəsində Dövlət və Hüquq nəzəriyyəsi və tarixi kafedrasında müəllim işləyən, Respublikaçı Alternativ Vətəndaş Hərəkatı təşkilatının idarə heyətinin üzvlərindən biri olan, «Azərbaycan Lizing şirkəti» MMC-də hüquqşünas işləyən Qədirli Erkin Toğrul oğlu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Qeyri Hökumət təşkilatında tərcüməçi işləyən Qəmbər Turqut İsa oğlu, 14 saylı Hüquq məsləhətxanasının vəkili Quliyev Elton Rasim oğlu, tərcüməçi işləyən Şirinov Rəşad Ramiz oğlu, «USAİD» ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasında Layihə meneceri işləyən Qəhrəmanova Aytən Hikmət qızı, «Abt Associates» Beynəlxalq Qeyri Hökumət təşkilatında Layihə meneceri işləyən Ələsgərova Ayla Qorxmaz qızı, Avropa İttifaqının Azərbaycanda yerləşən daimi nümayəndəliyində təhsil məsələləri üzrə məsul şəxsi Bağırov Pərviz Rəşid oğlu, «BP» Şirkətinin Brend və Nüfuz üzrə məsul işçisi Hacızadə Adnan Hikmət oğlu və tərcüməçi Persiyani Pərvanə Əhməd qızı şahid qismində dindiriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR