«AzərRosu»un Vladimir Jirinovskiyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib

«AzərRosu»un Vladimir Jirinovskiyə qarşı qaldırdığı iddia  üzrə məhkəmə prosesi keçirilib
# 02 aprel 2009 17:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvanın Meşşanski məhkəməsində hakim Olqa Vereşakın sədrliyi ilə «Rusiya Azərbaycanlıları» Federal Milli-Mədəni Muxtariyyətinin («AzerRos») Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə qarşı iddiası üzrə məhkəmə iclası keçirilib. «AzerRos»un vəkili Vahid İsgəndərovun APA-ya verdiyi məlumata görə, hakim «AzərRos»-un Jirinovskinin «RLDP. Cənuba doğru son həmlə» kitabının orijinalını və «skrin-print»i RLDP-nin internet saytında yerləşdirilmiş kitab mətninin surətini işə əlavə etmək barədə qaldırdığı vəsatəti təmin edib. Digər - kitab üzərində məhkəmə-lingvistik ekspertizasının keçirilməsi ilə bağlı vəsatətə isə məhkəmənin mayın 15-də keçiriləcək iclasında baxılacaq. Vəkil V. İsgəndərov bu vəsatətin təmin olunacağına inandığını deyib. O, bildirib ki, həmin ekspertizaya bu sahədə Rusiyada tanınmış mütəxəssisləri cəlb etmək barədə məsələ qaldıracaqlar.
V. Jirinovskinin maraqlarını məhkəmədə vəkil Semyon İlyaşkin qoruyub. Xatırladaq ki, V. Jirinovskinin 2007-ci ildə nəşr olunmuş bu kitabında, azərbaycanlıların millət yox tayfa olduğu bildirilib, Azərbaycan əraziləri Ermənistan əraziləri kimi qələmə verilib, Dağlıq Qarabağ münaqişəsinə səbəb Sumqayıt hadisələrinin olduğu göstərilib, ermənilər xristian olduqları üçün Azərbaycan tərəfindən məhv edildiyi bildirilib. V. Jirinovski «AzerRos» rəhbərliyinə məktub yazaraq Azərbaycan xalqını təhqir etmək niyyətində olmadığı bildirib, lakin kitab RLDP-nin saytından çıxarılmadığı üçün «AzerRos» şikayət ərizəsini geri götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR