İlham Əliyev: “Biz öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq” - VİDEO

İlham Əliyev: “Biz öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq” - <span style="color: red;">VİDEO
# 20 may 2014 00:02 (UTC +04:00)

Bakı – APA. "Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır. Əgər dünyada bu iki əsas aparıcı tərəqqi və inkişaf elementinə riayət olunsa, nə müharibə, nə işğallar, nə də ədalətsizlik olar”.

APA-nın verdiyi xəbərə görə, bunu mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə deyib.

Ilham Əliyevin sözlərinə görə, Azərbaycanda müxtəlif xalqlar və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır: “Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər”.

Dövlət başçısı çıxışında müharibə nəticəsində Azərbaycan ərazilərinin işğal altına düşdüyünü, vətəndaşların öz doğma ocaqlarını tərk etməyə məcbur olduqlarını qeyd edib: “Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir”.

İlham Əliyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilməyib: “Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyil”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcək: “Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik”.

Azərbaycan prezidenti Vyetnamın da təcavüz və işğaldan keçməsini, böyük itkilər verməsini yada salıb: “Buna baxmayaraq, siz dirçəldiniz və güclü dövlətə çevrildiniz. Siz öz taleyinizin sahibisiniz. Buna görə də milli maraqlara, eləcə də əməkdaşlığa və dünyaya açıqlığa əsaslanan xarici siyasət kursu aparan Vyetnam və Azərbaycan kimi ölkələrin nümunəsi, fikrimcə, çox yaxşı göstəricidir. Tərəqqiyə can atan hər bir ölkə üçün bu, yaxşı nümunədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR