Yukiya Amano: “İran AEBA ilə lazımi tərzdə əməkdaşlıq etmir”

Yukiya Amano: “İran AEBA ilə lazımi tərzdə əməkdaşlıq etmir”
# 18 sentyabr 2012 01:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla əməkdaşlığını davam etdirəcək”. APA-nın məlumatına görə, bunu AEBA-nın icraçı direktoru Yukiya Amano agentliyin Vyana şəhərində keçirilən illik yığıncağında bildirib. Onun sözlərinə görə, AEBA hər şeydən əvvəl İranla nüvə müzakirələrini davam etdirmək niyyətindədir. Y. Amano deyib ki, İran AEBA ilə lazımi tərzdə əməkdaşlıq etmir: “Biz İranın nüvə proqramı ilə bağlı verdiyi məlumatların doğruluğunu araşdırmağı davam etdiririk. Ancaq İranın inandırıcı materiallar verdiyinə dair heç bir zəmanət yoxdur. Bu səbəbdən İranın nüvə proqramının sülh məqsədli olduğu nəticəsinə gələ bilmirik”. AEBA-nın icraçı direktoru vurğulayıb ki, 2011-ci ilin noyabr ayında agentlik İranın nüvə partlayıcı cihazları istehsal etməyə doğru addım atdığına dair etibarlı məlumatlara sahib olduğunu söyləyib: “Həmin vaxt İrandan bununla bağlı açıqlama tələb etdim”.

Y. Amano əlavə edib ki, agentliyin ötən ilin noyabr ayındakı yığıncağında alınan qərarlarla bağlı heç bir nəticə əldə olunmayıb: “AEBA İdarə Heyəti sentyabrın 14-də İranın BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq bütün öhdəliklərini təxirə salmadan tamamilə yerinə yetirməsi üçün qətnamə qəbul edib. Agentlik dialoqun gücləndirilməsini müdafiə edir. Biz də bu çərçivədə bütün məsələlərin həlli üçün konstruktiv şəkildə müzakirələrimizi davam etdirəcəyik. Ümid edirəm ki, gec qalmadan razılaşma əldə edə bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR