Nazir: "Əlilliyi olan şəxslərə il ərzində 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcək"

Nazir: "Əlilliyi olan şəxslərə il ərzində 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcək"
# 14 iyul 2015 08:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib”.

APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib.

Nazirin sözlərinə görə, ötən 6 ay ərzində respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5%-nə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20% azdır.

“Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Prezident təqaüdləri ödənilib. İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib”, - deyə nazir vurğulayıb.

S.Müslümov Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binasının istifadəyə verildiyini, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işlərinin davam etdirildiyini bildirib.

“Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcək”, - S.Müslümov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR