Bakıda “Təhsil, texnologiya və tərəqqi” adlı təhsil sərgisi keçirilir - FOTOSESSİYA

Bakıda “Təhsil, texnologiya və tərəqqi” adlı təhsil sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 30 aprel 2013 10:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Təhsil, texnologiya və tərəqqi” adlı genişmiqyaslı təhsil sərgisi keçirilir. APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə baş tutan sərgidə paytaxtın 320 məktəbin son illər təhsil sahəsində gördüyü işlərin hesabatı verilib. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan və 40 bölmədən ibarət olacaq sərgidə müəllim və şagirdlərin yaradıcı işləri, o cümlədən əl işləri, elektron vəsaitlər əsasında hazırlanan işlər, bir sıra fiziki və kimyəvi təcrübələr, distant və inklüziv təhsil, milli - mənəvi irs, psixoloji xidmət və digər sahələrlə bağlı işlər, stend və layihələr təqdim olunub.

Sərginin açılışında çıxış edən BŞTİ-nin rəisi Nailə Rzaquliyeva bildirib ki, Heydər Əliyev hakimiyyəti dövründə ölkədə bütün sahələrlə yanaşı təhsilin inkişafına da xüsusi diqqət və qayğı göstərib: “Bu gün isə onun siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz də Bakı Şəhəri üzrə Təhsil İdarəsi olaraq Təhsil Nazirliyinin rəhbərliyi altında Heydər Əliyevin və dövlətimizin təhsilə göstərdiyi qayğıya cavab olaraq daha böyük uğurlara imza atmaq əzmindəyik. Bunun üçünsə ilk növbədə müəllimlərimizin və şagirdlərimizin Heydər Əliyev irsini dərindən bilməsi, öyrənməsi vacibdir”.

Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov sərginin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, “Təhsil, texnologiya və tərəqqi” adlı təhsil sərgisi bu gün saat 18:00-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində davam edəcək. Bu sərgi BŞTİ – nin sayca üçüncü geniş miqyaslı sərgisidir. İlk sərgi 2010-cu ildə “Təhsil, Zaman və Biz”, ikincisi isə 2011-ci ildə “Təhsildə İKT-nin tətbiqi, bilik, təcrübə və texnologiya” adı altında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR