AXCP Ali Məclisinin sədri: “Rüstəm İbrahimbəyovun Milli Şuranın həmsədri olması mənəviyyat məsələsidir”

AXCP Ali Məclisinin sədri: “Rüstəm İbrahimbəyovun Milli Şuranın həmsədri olması mənəviyyat məsələsidir”
# 15 noyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılmasında müstəsna xidmətləri var və o, qurumun ilk sədri kimi kifayət qədər normal fəaliyyət göstərib. Buna görə də onun Milli Şuranın həmsədri olması mənəviyyat məsələsidir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Həsən Kərimov deyib.

Onun sözlərinə görə, AXCP Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı Rüstəm İbrahimbəyovun ideyasını dəstəkləyir: “AXCP-nin mövqeyi ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun həmsədrliklə bağlı müraciəti nəzərə alınmalıdır. Buna görə də AXCP onun bu ideyasını dəstəkləyir və sona kimi də bu istiqamətdə fəaliyyət göstərəcək. Milli Şuranın növbəti sessiyasında Rüstəm İbrahimbəyovun həmsədrliklə bağlı müraciəti müzakirə olunaraq müvafiq qərar qəbul olunacaq”.

H.Kərimov Müsavat funksionerləri tərəfindən R.İbrahimbəyovun Milli Şura sədrliyindən istefa verməsi barədə səsləndirilən təkliflərə də münasibət bildirib: “Artıq bu, Müsavat funksionerlərinin şəxsi işidir. AXCP isə Rüstəm İbrahimbəyovun sonadək Milli Şuranın həmsədri kimi qalmasının tərəfdarıdır. Çünki Milli Şuranın yaradılması ideyası Rüstəm İbrahimbəyova məxsusdur. O, nə vaxtsa sədrlikdən və ya həmsədrlikdən özü imtina edərsə, ayrıca sədrlik institutunun təsis edilməsinə baxıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR