Ədliyyə orqanlarına işə qəbul olan gənclər nazir Fikrət Məmmədovla görüşüblər

Ədliyyə orqanlarına işə qəbul olan gənclər nazir Fikrət Məmmədovla görüşüblər
# 04 oktyabr 2013 15:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə orqanlarına işə qəbul olan 100-dən artıq gənc hüquqşünas, xaricdə təhsil almış müdavim, həmçinin tibb işçiləri ilə Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlərdən bəhs edib, qulluğa qəbul olunan hər bir şəxsdən məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırıb, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib.

Qeyd olunub ki, şəffaf prosedurlarla keçirilən müsabiqələr əsasında qulluğa qəbul edilən şəxslərin tam əksəriyyəti gənclərdir və bu gün ədliyyə orqanları işçilərinin yarısını məhz gənclər təşkil edir.

Sonra qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içib, onlara xidməti vəsiqələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR