Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əsas prioritetləri açıqlanıb

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əsas prioritetləri açıqlanıb
# 15 may 2014 08:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz dünya dövlətləri arasında əqli mülkiyyətin yaratdığı əlavə dəyərlə bağlı anlayış formalaşdırmaq istəyirik”. APA-nın məlumatına görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri bunu Dövlət İdarəçilik Akademiyasında çıxışı zamanı söyləyib.

F. Qarri bildirib ki, bu sahə bir-biri ilə rəqabət aparan maraqları da özündə ehtiva edir. O qeyd edib ki, beynəlxalq miqyasda mədəni əsərlərlə bağlı əqli mülkiyyət sisteminin formalaşdırılması vacibdir. ÜƏMT baş direktoru gələcəkdə məxfi məlumatların və kommersiya sirlərinin qorunması sahəsində də ciddi addımların atılmalı olduğunu deyib: “İnformasiya texnologiyaları informasiya və biliklərlə bağlı həssaslığı artırır. Şirkətlərin kommersiya sirlərinin qorunmasına gələcəkdə daha çox diqqət yetiriləcək. Digər tərəfdən, virtual struktur, qlobal platformalar yaradılmalıdır. Bu, patent idarələri arasında əməkdaşlığa yaxşı zəmin yaradacaq. Çünki dünyanın müxtəlif ölkələrində patentlə bağlı hər il milyonlarla müraciət olur. Əqli mülkiyyət sistemləri inklüzüv etmək lazımdır”.

F. Qarrinin sözlərinə görə, Dünya Bankının təhlilinə görə iqtisadiyyatın 30 faizi əqli mülkiyyətlə bağlıdır. Artıq idman sahəsində də gəlirlərin böyük hissəsi yayımla əlaqəli müqavilələrdən əldə olunur. ÜƏMT baş direktoru böyük şirkətlərin hazırda əqli mülkiyyətlə bağlı məhkəmələrdə üz-üzə gəldiyini xatırladıb: “Əqli mülkiyyətlə bağlı tələbat artır. Məsələn, keçən il dünyada 2,3 milyon patent müraciəti qeydə alınıb. Yaxud keçən il “YouTube”da koreyalı müğənninin “Gangnam Style” mahnısını 2 milyard nəfər izləyib, buna qədər heç kim bu müğənninin bu qədər uğur qazanacağını gözləmirdi. Əqli mülkiyyətə diqqət daha da artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR