Azərbaycanın sığorta-pensiya sisteminin uzunmüddətli dövrdə perspektiv inkişaf strategiyası hazırlanıb

Azərbaycanın sığorta-pensiya sisteminin uzunmüddətli dövrdə perspektiv inkişaf strategiyası hazırlanıb
# 16 sentyabr 2013 10:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kiralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fondun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə S.Müslümov Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

S.Müslümov bildirib ki, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafı tədbirləri beynəlxalq standartlar üzrə həyata keçirilən aktual hesablamalara əsaslanaraq davam etdirilməkdədir: “Perspektiv dövrdə də orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunmuş optimal həddin gözlənilməsi əsas vəzifələrdəndir”.

Azərbaycanın sığorta-pensiya sisteminin uzunmüddətli dövrdə perspektiv inkişafı strategiyasının hazırlandığını deyən S.Müslümov vurğulayıb ki, yeni mərhələdə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının artırılması, sosial ədalət prinsipinin gücləndirilməsi və digər bir sıra istiqamətlərdə dəyişikliklər nəzərdə tutulur.

H.Kiralin Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək qiymətləndirib. Dünya Bankı ilə DSMF-nin yaxından əməkdaşlıq etdiyini vurğulayan qonaq növbəti illərdə də əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını bildirib. H.Kirali Azərbaycanın sığorta-pensiya sisteminin növbəti inkişaf mərhələsində nəzərdə tutulan islahatların əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Görüşdə S.Müslümov qonaqları maraqlandıran sualları cavablandırıb və gələcək əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR