Azərbaycanda dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakimin barəsində ibtidai istintaq başa çatıb

Azərbaycanda dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakimin barəsində ibtidai istintaq başa çatıb
# 03 sentyabr 2014 08:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Vəkil Adəm Məmmədov APA-ya açıqlamasında bildirib ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Orucovun icraatına verilib.

Yayılan məlumatlara görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev isə R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E. Məmmədov həbs edilib.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Onu da qeyd edək ki, prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR