Tiflisdə “Rəngarəng Gürcüstan afişalarda” adlı sərginin açılışı olub

Tiflisdə “Rəngarəng Gürcüstan afişalarda” adlı sərginin açılışı olub
# 20 iyul 2016 03:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində “Rəngarəng Gürcüstan afişalarda” adlı sərginin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Azərbaycan Mədəniyyət Muzeyinin və Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyinin təşkilatçılığı ilə baş tutub. Sərginin açılışını Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyinin direktoru, professor Giorgi Kalandia həyata keçirib. O, çıxışında Gürcüstan və Azərbaycan kinosunun birgə fəaliyyət göstərdiyini və onun rəhbərlik etdiyi muzeyin İncəsənət Sarayında 57 min teatr, kino, xoreoqraf və siyasi afişanın qorunduğunu bildirib. Professor G. Kalandia sərgidə İncəsənət Sarayının Afişa Fondunda mühafizə olunan gürcü, rus, Azərbaycan, yəhudi və digər ölkələrin mədəniyyətlərini birləşdirən 40 opera, teatr, rəqs və kino afişasının sərgiləndiyini qeyd edib.

Sonra tədbirdə Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək mühafizə olunan afişaların içində Azərbaycan kino filmlərinin və Azərbaycan Dövlət Rəqs ansambllarının afişalarının da olduğunu bildirib. O, gələcəkdə professor G. Kalandia ilə birlikdə Tiflisdə saxlanılan Azərbaycan mədəniyyət və incəsənət nümunələrinin üzə çıxarılmasına çalışacaqlarını vurğulayıb.

Sərgi çərçivəsində teatr, kinofilmlərin və rəqs ansambllarının afişalarından ibarət unikal bir kolleksiya nümunələri toplanaraq gürcü və ingilis dillərində nəşr olunan 81 səhifəlik “Rəngarəng Gürcüstan afişalarda” adlı kataloqun təqdimatı keçirilib.

Sərgi 7 gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR