Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına Üzv Dövlətlərin Assambleyasının iclasında iştirak edib

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına Üzv Dövlətlərin Assambleyasının iclasında iştirak edib
# 30 sentyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin 22-30 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilmiş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Üzv Dövlətlərinin Assambleyasının 54-cü iclasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ÜƏMT-nin Baş direktorunun hesabatı, ÜƏMT-nin Regional Qruplarının, həmçinin bir sıra üzv dövlətlərin çıxışları, həmçinin ÜƏMT-nin Nəzarət üzrə Müstəqil Məsləhətçi Komitəsinin, Proqram və Büdcə Komitəsinin, İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsinin və s. komitələrin hesabatları dinlənilib.

ÜƏMT-nin Assambleyasının 54-cü iclası ərzində Azərbaycan nümayəndə heyəti ilə İranın nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Görüşdə bu ilin iyunun 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin Bakıda təşkil olunmuş 2-ci iclasının yekunları müzakirə edilib və sənaye mülkiyyətinin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti ilə ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə ikitərəfli görüşdə isə təşkilatın rəhbərinin bu ilin may ayında Bakıya rəsmi səfərinin yekunları müzakirə edilib, bu səfər ərzində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasının təmin olunması məqsədilə hazırlanmış və aparılmış danışıqlar vasitəsilə qarşılıqlı surətdə razılaşdırılmış “2014-2017-ci illər üzrə Fəaliyyət Planı” qəbul edilib. Həmçinin, bu fəaliyyət planı əsasında nəzərdə tutulan müvafiq tədbirlərin təşkilinə dair ÜƏMT-nin müvafiq mütəxəssisləri ilə görüş keçirilib və adiçəkilən fəaliyyət planı çərçivəsində 2015-ci il üçün planlaşdırılan tədbirlər dəqiqləşdirilib.

Bundan əlavə, Assambleya zamanı Azərbaycan nümayəndə heyətinin ÜƏMT-nin Akademiyasının direktoru və Bitkilərin Yeni Növlərinin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (UPOV) mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirilib və bu sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Assambleya zamanı ÜƏMT-nin İnnovasiya Strukturları sektorunun müdiri ilə də görüş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR