İranın xarici işlər naziri BMT baş katibi ilə görüşüb

İranın xarici işlər naziri BMT baş katibi ilə görüşüb
# 01 mart 2013 03:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Avstriyada səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi BMT baş katibi Pan Gi Munla görüşüb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Ə. Salehi İranın nüvə proqramı ilə bağlı dünya ictimaiyyətinin narahatlığına səbəb olan problemləri aradan qaldırmağa hazır olduğunu deyib: ““Altılıq” ölkələri ilə aparılan nüvə müzakirələrin müsbət nəticələnməsi üçün İranın nüvə enerjisindən yararlanmaq haqqı rəsmi şəkildə tanınmalıdır”.

İran XİN rəhbəri həmçinin bildirib ki, Suriyadakı böhranın yeganə çıxış yolu tərəflər arasında milli dialoqun aparılmasından keçir və rəsmi Tehran bu məsələdə hər iki tərəflə hər cür əməkdaşlığa hazırdır. İran üçün bölgənin təhlükəsizliyinin son dərəcə əhəmiyyətli olduğunu deyən Ə.Salehi rəsmi Tehranın bütün ölkələrin ərazi bütövlüyü və hakimiyyət haqqına hörmət etdiyini vurğulayıb: “İran Bəhreyndə də iqtidar və müxalifət arasında görüşlərin keçirilməsinin tərəfdarıdır”.

P.Q.Mun isə öz növbəsində İranın nüvə enerjisindən istifadə etmək haqqına sahib olduğunu bildirib. BMT baş katibi həmçinin İranla “altılıq” ölkələri arasında müzakirələrin nəticə əldə olunana qədər davam etdirilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR