Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsinin yeni binası açılıb

Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsinin yeni binası açılıb
# 28 fevral 2013 10:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin yeni inzibati binasının açılışı olub. «APA-Economics»in xəbər verdiyi kimi, açılışda çıxış edən Fondun sədri Səlim Müslümov bəyan edib ki, avtomatlaşdırılmış sistemlə təmin edilən yeni müasir inzibati ofislərin qurulması ölkədə aparılan pensiya islahatlarının tərkib hissəsi olan pensiya sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması prosesinin mühüm komponentidir.

Ümumi şəraitdən başqa bu, həmçinin pensiya sisteminin tam avtomatlaşdırılmış rejiminə keçirilməsi üçün zəruridir. S.Müslümov bəyan edib ki, artıq bu ilin iyulun 1-dən ölkədə pensiyaların təyinatı prosesi tam avtomatlaşdırılacaq ki, bu səbəbdən bütün ərazi şöbələri vahid avtomatlaşdırılmış sistem və bazasına qoşulub. Fondun sədri bildirib ki, yaxın zamanlarda ölkənin daha 6 rayonunda müasir rayon şöbələri açılacaq ki, bununla da Fondun ərazi inzibati binalarının yenilənməsi prosesi tam başa çatdırılacaq.

Qeyd edilib ki, sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün Fondun 3 departamenti və 77 şöbəsi yeni müasir binalarla təmin edilib. Bununla yanaşı, 85 yerli şöbənin lokal şəbəkələri mərkəzi informasiya bazasına birləşdirilərək Fondun korporativ şəbəkəsi formalaşdırılıb. Fondda qeydiyyatda olan 1 272 136 əmək pensiyaçısı və 2,360 mln-dan artıq sığortaolunanların özlərinə aid istənilən məlumatı internet vasitəsi ilə əldə edə bilməsi üçün ölkə əhalisinin 40%-ə qədərini əhatə edən ümumi məlumat bazası elektron hökumət portalına yerləşdirilib.

S.Müslümov bildirib ki, sığorta-pensiya sisteminin avtomatlaşdırılması prosesi nəticəsində pensiya təyinatı sahəsində müəyyən sayda iş yerlərinin azalması müşahidə olunur, lakin ixtisarlar baş vermir, çünki həmin işçilər digər sahələr üzrə vəzifələrə, ilk növbədə fərdi uçot sahəsində təyinat alırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR