Azərbaycanla Argentina nüvə tədqiqatları və kosmik sənaye sahələrində əməkdaşlığı genişləndirir

Azərbaycanla Argentina nüvə tədqiqatları və kosmik sənaye sahələrində əməkdaşlığı genişləndirir
# 20 sentyabr 2014 09:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva, Argentinanın kosmik texnologiyalar və nüvə tədqiqatları sahəsi üzrə ixtisaslaşan “İNVAP” şirkətinin Departament rəhbəri Ruben Mazzi ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayan Ə. Abbasov ikitərəfli münasibətlərin uğurlu inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu bildirib. Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yüksək potensialın olduğunu qeyd edən nazir gələcək əməkdaşlıq istiqamətlərindən söz açıb.

Ə. Abbasovun bu ilin mart ayında Argentinaya işgüzar səfərinin uğurlu və səmərəli nəticələrinə toxunan diplomat bu səfərin iki ölkə arasında İKT sahəsində əlaqələrin yaxınlaşmasında faydalı olduğunu və münasibətlərin inkişafında yeni mərhələ açdığını nəzərə çatdırıb. Səfir “İNVAP”-ın ölkəmizdə həyata keçirilən növbəti peyk layihələri ilə bağlı elan ediləcək tenderlərdə iştirak edəcəyini, eyni zamanda dünyanın müxtəlif ölkələrində nüvə reaktorlarının qurulmasında yaxından iştirak edən şirkətin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılan “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinə də maraq göstərdiyini söyləyib. Onun sözlərinə görə, artıq “İNVAP”la “Milli Nüvə Tədqiqatları Mərkəzi” arasında müzakirələrə başlanıb.

Qeyd edək ki, görüşdə “İNVAP” şirkətinin Azərbaycandakı tərəfdaşları -“Nobel Oil” və “Mineks İnternational” şirkətlərinin nümayəndələri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR