Ağcabədi və Balakən şəhərlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına hazırlıq görülür

Ağcabədi və Balakən şəhərlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına hazırlıq görülür
# 03 noyabr 2014 15:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün “Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Klaus Gerhauzerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov AİB-in ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Cəmiyyətin sədri “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin yekunlaşma ərəfəsində olduğunu xatırladaraq qeyd edib ki, layihənin icrası nəticəsində bu şəhərlərdə əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb.

K. Gerhauzer “Su təchizatı və kanalizasiya xidmətləri” layihəsinin icrasından razılığını bildirib və əlavə edib ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır. Görüşdə AİB ilə birgə maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icrası və növbəti mərhələlərdə maliyyələşdiriləcək layihələr haqqında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin AİB ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatıb. Həmin şəhərlərdə yeni su mənbələri yaradılıb, mövcud su və kanalizasiya şəbəkələri yenidən qurulub, abunəçilərin bir qismi smart-kart sayğaclarla təmin edilib və bu sahədə işlər davam etdirilir. Ağcabədi və Balakən şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına hazırlıq görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR