Astara və Göyçayda sahibkarlar üçün treninqlər keçirilib

Astara və Göyçayda sahibkarlar üçün treninqlər keçirilib
# 22 fevral 2013 15:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Astarada Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramı («GSP+») və onun biznes üçün əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Həmin gün Ağsu rayonunda da İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı ilə sahibkarlar üçün treninqlər təşkil olunub. «Biznes-planların və investisiya layihələrinin hazırlanması» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib, «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimat keçirilib.

Tədbir iştirakçıları həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR