Namiq Xəlilov: “Kənd təsərrüfatı sığortasının tətbiqi üçün müəyyən infrastruktur olmalıdır”

Namiq Xəlilov: “Kənd təsərrüfatı sığortasının tətbiqi üçün müəyyən infrastruktur olmalıdır”
# 26 noyabr 2015 07:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda sığorta şirkətləri üçün təlim keçirilib.

APA-Economics”in məlumatına görə, təlimin məqsədi Azərbaycanda kiçik və orta miqyaslı aqrobiznes müəssisələrin inkişafına yardım etmək və aqrosığortanı təşviq etməkdir.

Tədbir müzakirələr və təlimlər olmaqla, iki paneldən ibarət olub.

İlk paneldə çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova kənd təsərrüfatı sektorunun inkişafı və təkmilləşdirilməsində kənd təsərrüfatı sığortasının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, kənd təsərrüfatının ölkədə ümumi işçi qüvvəsinin 38%-ə sahib olmasına baxmayaraq ÜDM-in yalnız 5,3%-ni təşkil edir. A. Əzimova bildirib ki, kənd təsərrüfatı sektoru inkişaf edərək iqtisadiyyatın şaxələndirilməsinə böyük töhfə verə bilər. O qeyd edib ki, bu sahədə iki risk - qiymət və hava riskləri mövcuddur. Onun fikrincə, kənd təsərrüfatı sığorta sistemi bu riskləri azalda və kənd təsərrüfatı sektorun inkişafına səbəb ola bilər.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov Azərbaycan hökumətinin ölkədə kənd təsərrüfatı sığortasının inkişaf strategiyası və prioritetləri barədə məlumat verib. Ölkə əhalisinin 45%-nin kəndlərdə yaşadığını deyən N. Xəlilov bildirib ki, kənd təsərrüfatı sektorunun inkişafı üçün böyük potensial var. Onun sözlərinə görə, aqrar sahənin dayanıqlı inkişafı üçün müəyyən maliyyə dəstəyinə ehtiyac var. N. Xəlilov hesab edir ki, kənd təsərrüfatı sığortası burada mühüm rol oynaya bilər. O, əlavə edib ki, kənd təsərrüfatı sığortasının tətbiqi üçün müəyyən infrastruktur olmalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və mühasibat şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov kənd təsərrüfatı sığortasının aqrar sektorda risklərin azaldılması üçün effektiv alət kimi roluna toxunub. O, deyib ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və əhalinin ərzağa olan təminatını yerli istehsal hesabına ödəmək üçün kifayət qədər böyük işlər görülür. “2007-2015-ci illərdə kənd təsərrüfatı sahəsinin sığortalanması ilə bağlı 7,5 milyon manat vəsait ayrılsa da, hər il cəmi 40-60 min manat məbləğində vəsaitdən istifadə olunub. Bu da sığorta təşkilatlarının kənd təsərrüfatı sahəsinə sığorta xidmətinin minimum səviyyədə təşkil olunması ilə bağlıdır”.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Sədri Orxan Bayramov sığorta haqqında məlumatlılığın artırılmasında biznes assosiasiyaların iştirakından bəhs edib.

İkinci paneldə IFC-nin Şərqi Avropa və Mərkəzi Asiya regionunda Kənd Təsərrüfatı Maliyyəsi bölməsinin Sığorta üzrə mütəxəssisi Andrey Zaripov, Şərqi Avropa və Mərkəzi Asiyada Kənd Təsərrüfatı Maliyyə Xidmətləri üzrə Proqramın Meneceri Lea Soroka iştirakçılara KT sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlimlər keçəcək. Təlim zamanı iştirakçılar məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqrosığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlərlə təmin olunacaqlar. IFC–nin ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübələrini bölüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR