Azərbaycan şirkəti Türkmənistana cins düyələrin ixracına başlayıb

Azərbaycan şirkəti Türkmənistana cins düyələrin ixracına başlayıb
# 28 yanvar 2016 12:23 (UTC +04:00)

Bakı - APA-Economics. Qəbələ rayonunun Vəndam kəndində yaradılan “Aqrokompleks Qəbələ” MMC aqrar-sənaye kompleksinin ("Gilan Holdinq"in strukturuna daxildir) ümumi sahəsi 26 hektardır. Buraya "Simmental" cinsindən olan 1750 baş heyvanın saxlanılması üçün südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Aqrokompleks Qəbələ" MMC-nin direktoru Oktay Nağıyev bildirib.

Müəssisə rəhbəri bildirib ki, ümumi dəyəri 25 milyon manat olan bu layihənin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib: "Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın GEA şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılıb. İnəklərdən gündə orta hesabla 25 litrədək süd alınır. Gətirilən heyvanlar artıq yerli iqlimə tam uyğunlaşıb. Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədilə Qəbələ rayonunda 1650 hektar ərazidə yem təsərrüfatı yaradılıb. Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tamamilə ödənilir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın və Hollandiyanın qabaqcıl şirkətlərinin istehsalı olan 17 adda 55-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis təşkil olunub. Aqroservis traktor, kombayn, pnevmatik və sadə toxumsəpən aqreqatlar, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla təchiz edilib. Görülən bütün işlər hesabına məhsuldarlıq göstəriciləri təxminən iki dəfəyədək artırılıb. Bu layihələrin həyata keçirilməsi respublika əhalisinin keyfiyyətli süd və ət məhsullarına olan tələbatının ödənilməsi ilə yanaşı, məhsul ixracını da genişləndirəcək. Aqrar-sənaye kompleksində 130-dan çox insan daimi işlə təmin olunub".

O. Nağıyev əlavə edib ki, respublikada ilk dəfə olaraq burada cins düyələrin ixracına başlanılıb: "İlk mərhələdə 32 baş cins düyə Türkmənistana ixrac edilib və müqavilə şərtlərinə əsasən ayda bir dəfə ixrac əməliyyatı aparılacaq. İxrac imkanlarımızın genişlənməsi ölkəmizə valyuta axınını sürətləndirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR