Binəli Yıldırım: "Ermənistan işğalçılıq siyasətini zaman-zaman təzələyir"

Binəli Yıldırım: "Ermənistan işğalçılıq siyasətini zaman-zaman təzələyir"
# 03 iyun 2016 10:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı altında hər gün inkişaf edir".

APA-nın “Haber24”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfəri öncəsi Ankaranın "Esenboğa" hava limanında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın regionda güclənməsi tək Qafqazın deyil, Orta Asiyanın da təhlükəsizliyinin təminatı mənasına gəlir: “Bu səbəbdən Azərbaycanla enerji və nəqliyyat sahələrində regional və çox strateji layihələr həyata keçiririk. Xüsusilə, TANAP layihəsi təkcə Türkiyə və Balkanların deyil, Avropanın da enerji təhlükəsizliyini təmin edəcək layihədir. Azərbaycanın hər sahədə - iqtisadi, xarici siyasət sahələrində uğurları qardaş ölkə olaraq bizi sevindirir, qürurlandırır. Hər bir məsələdə dost və qardaş Azərbaycana dəstəyimiz davam edir”.

Baş nazir Almaniya Bundestaqında uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinin qəbulunu xatırladaraq ermənilərin törətdikləri səhvlərdən heç cür dönmədiklərini vurğulayıb: “Onlar fürsətçilik edərək Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər və illərdir bu qanunsuz işğal davam edir. Bu məsələdə Minsk Qrupu fəaliyyət göstərsə də, bir irəliləyiş əldə olunmayıb. Ermənistan işğalçılıq siyasətini zaman-zaman təzələyir. Bu yaxınlarda Azərbaycanla Ermənistan arasında təmas xəttində gərginlik yaşandı və biz bir daha şahidi olduq ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək, təhdidlərin qarşısını almaq istiqamətində 25 il ərzində hərtərəfli inkişaf edib. Bu, region və Azərbaycanın təhlükəsizliyi üçün vacib irəliləyişdir. Ermənistanın tarix boyu bir sıra səhvlər buraxdığını dünya görür. Keçmişdə ölkəmizə qarşı terror fəaliyyətlərinin içərisində yer alıblar və diplomatlarımızın həyatına qəsd ediblər. Erməni idarəçiliyinin siyasəti nəticəsində milyonlarla erməni təcriddə və yoxsulluq içərisində qalıb”.

Xatırladaq ki, B. Yıldırımın Azərbaycana səfəri artıq başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR