Tərtərdə partlamamış top mərmisi aşkarlanıb

Tərtərdə partlamamış top mərmisi aşkarlanıb
# 12 may 2016 18:12 (UTC +04:00)

Bakı-APA. Tərtərin Qazyan kəndində partlamamış top mərmisi aşkar edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 12-də Tərtər, Füzuli, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilir.

Hesabata əsasən, mayın 12-də 8 ev və həyətyanı sahədə, 8 otlaq sahəsi daxil olmaqla 24 partlayış yerinə baxış keçirilib, 1 ədəd (122 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar olunaraq götürülüb. Partlamamış top mərmisi Tərtər rayonunun Qazyan kəndində aşkarlanıb. Gün ərzində 40 378 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 12 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 469 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR