ABŞ hökuməti Rusiya Silahlı Qüvvələrinin üzvlərinin Ukraynada müharibə cinayətləri törətdiyini rəsmi şəkildə bəyan edib.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bununla əlaqədar ABŞ-ın dövlət katibi Entoni Blinken bəyanatla çıxış edib. O, bildirib ki, ABŞ hökuməti əldə etdiyi informasiyalar əsasında hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin üzvləri Ukraynada müharibə cinayətləri törədiblər.
Blinken qeyd edib ki, ABŞ hökuməti məsələ ilə əlaqədar ictimaiyyətdən və kəşfiyyat mənbələrindən əldə etdiyi məlumatları diqqətlə nəzərdən keçirib.
Dövlət katibi əlavə edib ki, ABŞ hökuməti müharibə cinayətləri barədə məlumatları izləməyə davam edəcək və müttəfiqlər, tərəfdaşlar, beynəlxalq institutlar və təşkilarlarla birlikdə topladığı müvafiq məlumatları paylaşacaq: “Biz cinayət təqibləri də daxil olmaqla, mövcud hər bir vasitədən istifadə edərək, (törədilən müharibə cinayətlərinə görə - red) cavabdehlik əldə etməyə sadiqik”.