Xaçmazın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Xaçmazın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
# 25 yanvar 2017 13:18 (UTC +04:00)

“Azərsu” ASC “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.

“Azərsu”yun İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri intensiv şəkildə həyata keçirilir.

Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 11 min nəfərin su təchizatının yaxşılaşdırılacaqdır. Ümumilikdə layihədən 58 min nəfər faydalanacaq.

Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanıb. Birinci mərhələdə şəhərin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunmuş, mənbədən anbar kompleksinə qədər 2 km uzunluğunda magistral, 1,6 km anbarlararası su xətləri çəkilmiş, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib.

Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. İndiyədək layihədə nəzərdə tutulan 142,6 km su şəbəkəsinin 88 km-lik hissəsi tikilmiş, 3095 ünvana birləşmə verilmişdir. Eyni zamanda 148,5 km kanalizasiya şəbəkəsinin 110 km-lik hissəsində işlər yekunlaşıb və 5727 ünvan şəbəkəyə qoşulub. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi üçün 1400 mm diametrli borularla 1,3 km uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatdırılıb.

Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları qurğuya yönəldiləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatmış, digər rayonlarda isə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR