Oktyabrın 20-də Vyanada OPEC+ texniki monitorinq komitəsinin toplantısı keçiriləcək

Oktyabrın 20-də Vyanada OPEC+ texniki monitorinq komitəsinin toplantısı keçiriləcək
# 09 oktyabr 2017 13:44 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyinin yerinə yetirilməsi üzrə Texniki Monitorinq Komitəsinin növbəti toplantısı oktyabrın 20-də Vyana keçiriləcək.

APA-Economics”in “Angi” agentliyinə istinadən verdiyi məlumata görə, komitənin növbəti toplantısına Liviya, Nigeriya və İraq nümayəndələri də dəvət olunub.

OPEC rəsmisi bildirib ki, razılaşmanın davam etdirilməsi üçün bütün məsələlər müzakirəyə açıqdır. Onun sözlərinə görə, toplantıda neft hasilatının azaldılması barədə Vyana sazişinin müddətinin uzadılması, eləcə də daha böyük həcmdə məhdudlaşdırma məsələləri də müzakirə oluna bilər.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, Azərbaycan OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib. Energetika Nazirliyi Azərbaycanın sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, sentyabrda respublika üzrə gündəlik neft hasilatı 785,7 min barel olub. Bunun 733 min barelini xam neft, 52,7 min barelini kondensat təşkil edib. Gündəlik 627 min barel xam neft, 52,7 min barel kondensat, 19,3 min barel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda isə 734,8 min barel olub. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR