Ağdamın yeni təməli qoyulan kəndlərinə media-tur təşkil olunub

Ağdamın yeni təməli qoyulan kəndlərinə media-tur təşkil olunub
# 29 may 2024 18:05 (UTC +04:00)

Media nümayəndələri Ağdam rayonunun Prezident İlham Əliyev tərəfindən mayın 28-də təməli qoyulan Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərində olublar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Ümid İsazadə jurnalistlərə açıqlamasında bildirib ki, birinci mərhələdə Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinə ümumilikdə 605 ailə köçrüləcək.

Qeyd olunub ki, Tağıbəyli kəndinin layihələndirilən ərazisi 255,31 hektardır: "Kənddə 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək".

Daha sonra Ü.İsazadə media nümayəndələrinə Güllücə kəndi haqqında məlumat verib. Bildirib ki, kəndin ərazisi 388,44 hektar olacaq:

"Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina, mal-qara ferması, yanğınsöndürmə deposu kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq".

Nümayəndəliyin əməkdaşı onu da qeyd edib ki, kənddə bir sıra müəssisələr də yaradılacaq.

Ü.İsazadə bildirib ki, Nəmirli kəndin layihələndirilən ərazisi 211 hektardır. Burada 759 fərdi ev inşa ediləcək: "Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq".

Qurum rəsmisi onu da deyib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Burada 750 ev tikiləcək: "Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq". Həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Ümid İsazadə onuda deyib ki, 28 may tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlərdə işğal müddətində ermənistan silahlı qüvvələri tərəfindən mühəndis istehkam qurğuları və müşahidə məntəqələri yaradılıb. Həmin mühəndis istehkam qurğuları və müşahidə məntəqələrinin bir hissəsi yaddaşlarda qalmaq üçün muzey kimi qorunub saxlanılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR