Gürcü şairinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib

Gürcü şairinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib
# 22 aprel 2017 19:59 (UTC +04:00)

Marneulidə gürcü şairi Giorgi Kekelidzenin qələmə aldığı və “Gürcü ədəbiyyatı” silsiləsindən Azərbaycan dilinə tərcümə olunmuş “Quriya gündəlikləri” kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Marneulidə yeni açılan Mərkəzi Kitabxanada keçirilib. Tədbiri müəllifin özü açaraq kitabın Azərbaycan şairi İmir Məmmədli tərəfindən tərcümə edildiyini və Bakıda Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin maliyyə dəstəyi ilə 1000 tirajla nəşr olunduğunu bildirib. G. Kekelidze təqdimat mərasiminə gələn azərbaycanlı və gürcü gənclərinə İmir Məmmədli haqqında ətraflı məlumat verib. O, “Quriya gündəlikləri”nin onun Azərbaycan dilinə dərc olunan ilk kitabı olduğunu bildirib.

Tədbirdə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin əməkdaşı Aleksandr Qriqalaşvili və başqaları kitabın məziyyətlərindən danışıblar. Çıxışçılar gürcü və Azərbaycan şairlərinin tərcümə edilən əsərlərinin əhəmiyyətindən və tərcümə işinin daha da gücləndirilməsinin xalqlarımız arasında ədəbi dostluğun inkişaf etdirilməsinə güclü təkan verəcəyini vurğulayıblar.

Tədbirdə “Azadlıq” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri olan Marneuli 5 nömrəli, Sadaxlı, Qırxılı, Qullar, Qasımı orta məktəblərinin azərbaycanlı şagirdləri “Quriya gündəlikləri” kitabı ilə mükafatlandırılıblar. Müsabiqənin qalibi seçilən Marneulidəki 6 nömrəli məktəbin şagirdi Mariya Həsənovaya isə “Quriya gündəlikləri” Fondunun qərarına əsasən, hər ay 100 lari təqaüd təyin olunub.

Tədbirdə iştirak edən Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin əməkdaşı Aleksandr Qriqalaşvili Marneuli Mərkəzi Kitabxanasına gürcü şair və yazıçılarının kitablarını hədiyyə edib.

Qeyd edək ki, müasir gürcü şairi və esse yazarı olan Giorgi Kekelidze Gürcüstan Parlamentinin Milli Kitabxanasının baş direktorudur. O, qələmə aldığı “Odalar” başlığı altında nəşr etdirdiyi şeirlər kitabına görə Gürcüstanın nüfuzlu “Saba” ədəbi mükafatına layiq görülüb.

Kitabın təqdimatında Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Anar Hidayətov, AYB-nin Gürcüstan bölməsinin üzvləri, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, azərbaycandilli məktəblərin direktorları, gürcü ali məktəblərinin tələbələri, ziyalılar, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR