“Smart Start” proqramına seçilən gənclər “Bakcell”də təcrübə keçir - FOTO

“Smart Start” proqramına seçilən gənclər “Bakcell”də təcrübə keçir - <span style="color: red;">FOTO
# 13 iyul 2015 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkətinin təşkil etdiyi “Smart Start” proqramı çərçivəsində seçim prosesindən uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar.

“Bakcell”dən “APA-Economics”ə verilən məlumata görə, tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Gənclər arasında “Smart Start” proqramına olan böyük marağın nəticəsində proqramda iştirak etmək üçün 1200 nəfərdən çox müraciət daxil olub və seçim prosesindən müvəffəqiyyətlə keçən 32 nəfər təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçılar insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçməyə başlayıblar.

Təcrübə keçənlər arasında “Bakcell”in Korporativ Sosial Məsuliyyət proqramının tərəfdaşı olan SOS uşaq kəndlərindən də 3 nəfər gənc var. Qeyd edək ki, SOS uşaq kəndləri ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində təşkilatın himayəsində olan uşaqlar daim diqqət mərkəzində saxlanılır və “Bakcell” tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə aktiv şəkildə iştirak edirlər.

Təcrübə müddətində iştirakçılar şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, eyni zamanda karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.

“Qeyri-neft sektorunun ən böyük investorlarından olan “Bakcell”, cəmiyyətin iqtisadi və sosial həyatında aktiv iştirak edərək Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən olan gənclərin məşğulluğu probleminin həllinə dəstək olmağa çalışır. Azərbaycanın əmək bazarında ən böyük iş təminatçılarından biri olmaqla, biz bütün namizədlər üçün eyni şərait yaradırıq və işə qəbul və seçim proseslərində şəffaflıq prinsiplərinə riayət edirik. Yerli universitetlərlə yanaşı xaricdə təhsil alan tələbələrin də “Smart Start” vasitəsilə öz vətənlərində təcrübə keçmələri bizi xüsusilə sevindirir. Gənclər müasir iş həyatının tələblərinə cavab verən praktiki biliklərə yiyələnməklə yanaşı yay tətillərini səmərəli keçirmək üçün lazımi şəraitə malik olmalıdırlar. Gənclərin peşəkar təcrübə üçün “Bakcell” şirkətini seçməsindən qürur duyuruq”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Qeyd edək ki, 2014-cü ildə keçirilən “Smart Start” proqramında iştirak edən 22 nəfər gəncdən proqramı uğurla başa vuran 6 nəfər “Bakcell” tərəfindən daimi iş yeri ilə təmin olunub. Proqramda təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR