ABŞ Prezidenti Donald Tramp administrasiyası məcburi əməyin qarşısının alınması sahəsində kifayət qədər tədbir görülmədiyi iddiası ilə 60 ticarət tərəfdaşından idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib.
"Reuters"in məlumatına görə, yeni rüsumlar 10% və 12,5% səviyyəsində müəyyənləşdirilib və Avropa İttifaqı, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və digər ölkələri əhatə edir. Qərar ABŞ-də 150 gün qüvvədə olmuş müvəqqəti 10 faizlik qlobal tarif rejiminin başa çatdığı vaxtdan etibarən qüvvəyə minib.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqton məcburi əməklə istehsal olunan məhsulların idxalına qarşı qadağanı uzun illərdir ciddi şəkildə tətbiq edir və digər ticarət tərəfdaşlarının da eyni yanaşmanı sərgiləməsinin vaxtı çatıb. Onun sözlərinə görə, yeni tədbirlər həm insan hüquqlarının qorunmasına, həm də beynəlxalq ticarətdə rəqabət şəraitinin bərpasına xidmət edir.
Yeni rüsumlar ABŞ Ticarət Aktının 1974-cü il tarixli 301-ci maddəsi əsasında tətbiq olunur və ölkəyə idxal olunan məhsulların təxminən 99,4%-ni əhatə edir. Bununla yanaşı, neft və qaz, gübrə, eləcə də bəzi ərzaq məhsulları bu tədbirlərdən istisna edilib.
ABŞ 10%-lik rüsumu Argentina, Banqladeş, Böyük Britaniya, Kamboca, Kanada, Ekvador, Salvador, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan, Şri-Lanka, Trinidad və Tobaqodan idxal olunan mallara tətbiq edib.
Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan və İsveçrə üçün əvvəlki tariflərlə birlikdə ümumi rüsum dərəcəsi 10% və ya 12,5% təşkil edəcək. Qalan 38 ölkə, o cümlədən Vyetnam və Çin üçün isə 12,5%-lik tarif müəyyənləşdirilib.
Avropa Komissiyası ABŞ-nin qərarının əvvəlki tarif öhdəliklərinə uyğun olduğunu bildirərək bunun tərəflər arasında əlavə tarif güzəştləri üzrə danışıqlar üçün müsbət impuls yaratdığını qeyd edib.
Böyük Britaniya hökuməti isə yeni tədbirlərin ölkə ixracatçılarına mənfi təsir göstərməyəcəyini açıqlayıb. London Vaşinqtonla əldə olunmuş razılaşmanın qüvvədə qaldığını və bəzi məhsullar üzrə tariflərin sıfıra endirildiyini vurğulayıb.
ABŞ administrasiyası, həmçinin Çinlə 2025-ci ilin noyabrında əldə olunmuş ticarət razılaşmasına uyğun olaraq Çin mallarına tətbiq edilən ümumi tarif səviyyəsini yenidən 20%-ə çatdırmağı planlaşdırdığını, lakin bu həddi aşmayacağını bildirib.
***07:45
ABŞ Prezidenti Donald Tramp administrasiyası iyulun 24-dən etibarən 60 ticarət tərəfdaşından idxal olunan mallara məcburi əməyə qarşı tədbirlərin yetərsiz tətbiq edilməsi əsas gətirilərək 10 və 12,5 faiz həcmində yeni gömrük rüsumları tətbiq edəcək.
“Reuters”in məlumatına görə, yeni rüsumlar ABŞ-də qüvvədə olan müvəqqəti 10 faizlik qlobal tarif rejiminin başa çatdığı anda qüvvəyə minəcək.
Qərar ABŞ Ticarət Aktının 1974-cü il tarixli 301-ci maddəsinə əsasən qəbul edilib və ABŞ idxalının təxminən 99,4 faizini əhatə edəcək. Bununla belə, neft və qaz, gübrələr, bəzi ərzaq məhsulları, eləcə də avtomobil, polad, alüminium və mis kimi artıq digər tarif rejimlərinə tabe olan məhsullar istisna ediləcək.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, ABŞ məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsulların idxalına qarşı uzun illərdir ciddi nəzarət həyata keçirir və digər ölkələrin də analoji yanaşma sərgiləməsinin vaxtı çatıb.
Qərara əsasən, Argentina, Banqladeş, Böyük Britaniya, Kamboca, Kanada, Ekvador, Salvador, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan, Şri-Lanka, Trinidad və Tobaqodan idxal olunan mallara 10 faizlik rüsum tətbiq ediləcək.
Avropa İttifaqı, Tayvan, Yaponiya, Cənubi Koreya və İsveçrə üçün müəyyən edilən tariflər mövcud ən əlverişli rejim rüsumları ilə birlikdə ümumilikdə 10 və ya 12,5 faiz təşkil edəcək.
Digər 38 ölkə, o cümlədən Çin üçün isə 12,5 faizlik rüsum müəyyənləşdirilib. ABŞ Çini uyğur azlığının məcburi əmək düşərgələrində saxlanılması ilə ittiham edir. Pekin isə bu iddiaları rədd edir.
Ağ Ev rəsmilərinin bildirdiyinə görə, Vaşinqton Çinlə 2025-ci ilin noyabrında əldə olunan ticarət razılaşmasına uyğun olaraq Çin mallarına tətbiq edilən tarifləri yenidən 20 faiz səviyyəsinə çatdırmağı planlaşdırır, lakin bu həddi aşmağı nəzərdə tutmur.
Qərar bəzi ölkələrin etirazına səbəb olub. Norveç xarici işlər naziri Espen Bart Eide bildirib ki, ölkəsində məcburi əməklə istehsal olunan malların ticarətinin qarşısını alan aydın qaydalar mövcuddur və bu səbəbdən Norveçə qarşı tariflərin tətbiqi üçün əsas yoxdur.
Avstraliya və Braziliya yeni rüsumları əsassız adlandıraraq onların ləğvi üçün ABŞ ilə danışıqları davam etdirəcəklərini açıqlayıblar. Kanada isə birtərəfli qaydada tətbiq edilən tariflərlə bağlı Vaşinqtonla konstruktiv dialoqu davam etdirəcəyini bəyan edib.
ABŞ administrasiyası bildirir ki, yeni rüsumlar məcburi əməyin qlobal ticarət zəncirlərindən çıxarılması və ABŞ istehsalçılarının daha ədalətli rəqabət şəraitində fəaliyyət göstərməsi məqsədi daşıyır.