AMEA prezidenti Yaponiya səfirini qəbul edib

AMEA prezidenti Yaponiya səfirini qəbul edib
# 16 iyul 2015 10:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşini qəbul edib.

AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AMEA Rəyasət Heyətində keçirilmiş görüşün əsas məqsədi akademiya ilə Yaponiyanın elmi-tədqiqat institutları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Akif Əlizadə qonağa akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Son illər AMEA-nın idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirildiyini diqqətə çatdıran akademik A.Əlizadə burada prioritet elmi istiqamətlərdə aparılan araşdırmalardan və innovativ layihələrdən söz açıb.

AMEA rəhbəri son illər neft-kimya sahəsində fəaliyyət göstərən alimlərimizin elmi yeniliklər əldə etdiklərini, bu istiqamətdə dünya elminə mühüm töhfələr verdiyini qeyd edib. Azərbaycanın zəngin neft-qaz resurslarına malik olduğunu deyən alim 100 ildən artıqdır ki, bu torpaqlarda neft istehsalının uğurla həyata keçirildiyini bildirib.

Dünyada mövcud olan 1500-dən çox palçıq vulkanından 350-nin Azərbaycanda olduğunu diqqətə çatdıran AMEA prezidenti akademiyanın geoloqlarının AMEA-nın 70 illiyi münasibətilə nəşr etdirdiyi atlası səfirə təqdim edib. O, biologiya, tibb, humanitar və ictimai elmlər sahəsində də rəhbərlik etdiyi elm ocağının zəngin bilik və təcrübəyə malik olduğunu deyib.

AMEA rəhbəri Yaponiyanın seysmologiya elmi sahəsində əldə etdiyi təcrübədən yararlanmağın zəruriliyini önə çəkərək, bu istiqamətdə birgə elmi laboratoriyanın yaradılması təklifini irəli sürüb. Alim AMEA ilə Yaponiyanın elmi-tədqiqat institutları arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verdiyini dilə gətirib.

T.Takahaşini öz növbəsində AMEA ilə əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirərək, bu sahədə akademiyaya lazımi köməkliyi göstərməyə hazır olduğunu dilə gətirib. Yaponiyada seysmologiya və vulkan sahəsində dərin elmi araşdırmaların aparıldığını qeyd edərək Azərbaycan alimləri ilə birgə tədqiqatlarda iştirakın vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin innovasiya siyasəti üzrə Yaponiya təcrübəsinin öyrənilməsi imkanları, AMEA əməkdaşlarının bu ölkədə elm və tədqiqat üzrə elmi-tədqiqat və təhsil imkanları, o cümlədən AMEA-nın Təcrübə-Sənaye Zavodunun bazasında Elmi-Texnoloji Parkın yaradılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR