Bakının həlli mümkünsüzə çevrilən su dərdi - “AZƏRSU” NİYƏ DƏRDƏ DƏRMAN OLA BİLMİR?

# 14:42
19 noyabr 2021

Suları kəsilsə də, ümidlərini kəsməyən sakinlər

 

Buraya Bakının “Somali”si də demək olar. Gözdən könüldən uzaq Yeni Yasamalda ta Sovetin dövründə tikilən 2 bina. 6 və 7 saylı binaların sakinləri günün günorta vaxtı su üzünə həsrət qalıblar. Su çəni olanlar birtəhər keçinsə də, olmayanların aqibəti isə qalıb “Azərsu”nun insafına. Sakinlər deyir ki, suyun üzünü səhər saat 6-dan 11:00-ə, axşam isə 18:00-dan 22:00-dək görürülər.

 

Analoji vəziyyət demək olar ki, Bakının bütün rayonlarında var. Mövcud vəziyyət özünü daha çox Xətai rayonu general Əliağa Şıxlinski küçəsində büruzə verir. Burada yaşayan sakinlər deyir ki, içməli su səhər saat 7-dən 10-na, axşam da saat 7-dən 10-na kimi verilir. Nəticədə bina evlərində yaşayan sakinlərin içməli suya olan tələbatı tam ödənilmədiyi üçün, onlar məcburiyyət qarşısında qalıb təhlükə mənbəyi olan su çənlərindən istifadə edirlər.

 

Baxmayaraq ki, bir neçə il öncə “Azərsu”dan “Bakıda üstündə su çəni olan bir dənə də bina qalmayacaq” deyilmişdi. Amma və lakin bu proses bütün binaları əhatə etmədi. O cümlədən qeyd etdiyimiz General Əliağa Şıxlinski küçəsindəki binaları da. Vətəndaşın çarəsizlikdən və susuzluqdan işlətməyə məcbur olduğu bu çənlər təkcə binaların görünüşünə xələl gətirmir, eyni zamanda onların çökməsinə də səbəb olan əsas amillərdəndir.

 

Ərazidə yaşayan Mahir Lütfəliyev deyir ki, binaların üzərində bəlkə də 150 dənə bak var: “Bunun biri partladı, evdə vanna daşıyırıq. Yağış yağanda dammır, ancaq su partlayanda gəlir dəhşətdir. Hərənin 3-5 tonluq bakı var”.

 

Problemlə bağlı məsələni araşdırmaq üçün üz tutduq “Azərsu”ya. Qurumun mətbuat katibi Anar Cəbrayıllı mövcud vəziyyətdən xəbərdar olduğunu bildirdi. Bəs nə üçün digər ərazilər fasiləsiz su ilə təmin olunduğu halda, xüsusilə də Yasamal və Xətai rayonlarının bəzi əraziləri susuz qalıb? “Bu ərazilərdə  bizim 24 saat su verə bilməməyimizin səbəbi texniki imkanlarımızın olmamasıdır. O ərazilərdə istismar müddətini başa vuran borular var. Binadaxili kommunikasiya sistemləri də istismar müddətini başa vurub. Biz işlərə başlamışıq və biz bu məsələnin həllinə nail olacağıq”.  

 

Qurumun sözçüsü əlavə etdi ki, hazırda Bakıda əhalinin 81.1 faizi fasiləsiz, 18.4 faizi isə qrafik əsasında fasiləli şəkildə içməli su ilə təmin olunur. Regionlar üzrə bu rəqəm isə 70 faiz təşkil edir. Yəni 70 faiz əhali içməli su ilə təmin olunur. 30 faizi isə su quyularından istifadə etməklə gündəlik suya olan tələbatlarını ödəyirlər: “Bəzi ərazilərdə bizim su həcmlərimiz yoxdur ora 24 saat su verək, bəzi ərazilərdə isə su həcmlərimiz var və texniki imkanlarımız yoxdur. Amma hədəfə doğru irəliləyirik. Bu gün 1 milyona yaxın abonentimizdən 800-ü fasiləli su ilə təmin olunub. Bu böyük göstəricidir. Texnki məsələlər və  su həcmləri məsələləri həll olunsa 24 saat tam təmin edəcəyik”

 

Bəli, verilən vəd məsələnin gələcəkdə həll olunacağına işarədir. Amma o gələcək nə vaxt gələcək hələ ki, bilinmir. Bilinən təkcə odur ki, hələ uzun müddət bina sakinləri bu problemlə birlikdə yaşamaq məcburiyyətindədirlər. Görünən o ki, bu sevinci yaşamaq çox gec nəsib olacaq. O da ki, Allah nəsib etsə. Deməli, məsələ yuxarıdakına qalıb, yəni Allahın ümidinə. Allahdan da ümid kəsilməz deyiblər. Sakinlər də ümidlərini kəsmir, suları kəsilsə belə.

 

Aytən Sakitqızı,

Ziya Allahyarov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR