Deputatımızı İtalyada restorana buraxmadılar – QƏRİBƏ SƏBƏB

# 20:16
21 dekabr 2021

Milli Məclisin deputatı Vüqar Bayramov İtalyada işgüzar səfərdə olarkən onu nahar etmək istədiyi restorana buraxmayıblar. Səbəb deputatın təqdim etdiyi peyvənd pasportunun QR kodunun tanınmaması olub: “Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın bizim vətəndaşlar üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sistemin inteqrasiyasına ehtiyac var. Peyvənd sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımdan təəssüf ki, problemlər qalmaqdadır. Belə ki, Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınılmır və oxunmur.  Bu isə Peyvənd Sertifikatı olan reputasiyasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropda qapalı məkanlara daxil olmasını əngəlləyir. Hətta “Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər”.

Bəs görəsən məlum məsələ ilə bağlı deputatın dediyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nə  düşünür?

Qurumdan bildirildi ki, COVID-19 xəstəliyinə qarşı təqdim edilən sertifikatların digər ölkələrin məlumat bazasına inteqrasiyası ilə bağlı işlər Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Nazirliyin Media və komunikasiya şöbəsinin müdiri Pərviz Abubıkirov bildirdi ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb: “İşçi Qrupun təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar”ı qəbul olunub.Bu Qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib”.

Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq.

Tibbi ekspert Adil Qeybulla isə hesab edir ki, peyvəndin vurulması qədər onun təkcə ölkəmizdə deyil, eyni zamanda ölkəmizin hüdudlarından kənarda da tanıdılması vacibdir. Bunun üçün də aidiyyəti qurum məsuliyyət hiss edib məsələnin həllini tezləşdirməlidir: “Bu vaksinlərin vurulmasını sübut edən beynəlxalq sənəd olmalıdır. Əslində bu sənəd ÜST-ün vahid sənədi olmalı idi. Burada ÜST-ün günahı var. Yəni bu cür vahid sənəd olmadığı üçün bu cür problem yaşayırıq. Həmin vahid sənədə əsasən kim vaksinləşibsə reysterə adı daxil edilməlidir. Bir kod formal koddur ölkə daxilində oxunur xaricində  yox”.

Yaxasını qırağa çəkməyə çalışsa da, bu sahəyə aid dövlət siyasətini qurmaq Səhiyyə Nazirliyinin üzərinə düşür. Elə ÜST-lə də əlaqələrin qurulması və məlum problemin vaxtında həll edilməsi birbaşa Səhiyyə Nazirliyinin öhdəliyindədir. Amma belə çıxır ki, Səhiyyə Nazirliyinin ümidinə qalsaq, bu xəmir çox su aparacaq. Maraqlı məqam budur ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hansısa əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı, Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukrayna elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır. Bizim isə işimiz hələ də Allaha qalıb.

 

Aytən Sakitqızı

Xəyal İskəndərov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR