Hacıqabul gölünün suyu quruyur

# 14:57
30 oktyabr 2021

Hacıqabul gölünün quruması nəticəsində yaranan mənzərə ürək ağrıdıcıdır. APA TV xəbər verir ki, Azərbaycanın ən böyük gölünün quruması nəticəsində ekosistemə ciddi ziyan dəyib.  Belə ki, gölün ətrafında əsrlər boyu formalaşan flora və fauna tamamilə məhv olub.  

30 il əvvələ ekskursiya etsək gözümüz önündə Hacıqabul gölünün zəngin və rəngarəng mənzərəsini görə bilərdik. Amma, indi sadəcə bütün bunların əvəzində cansız, həm də canlılarsız gölün susuz qalan ağarmış dibini görərik. Əsrlər öncə təbii yolla, Kür çayının daşmasından yaranan Hacıqabul gölünün indi özü kimi quru adı və bir də xəritələrdə görünən mavi rəngli eskizi var.

Tarixçi Mübariz Xəlilov deyir ki, gölün sahəsi 16,5 kv.km, dərinliyi 5 metrə qədər olub: “Göldə 302 növ çiçəkli bitki, 21 növ balıq olub. Hətta o vaxt çox nadir qırmızı xərçəng olub, ruslar bunu çox sevirdilər. Flaminqolar, başqa nadir və çoxunun kökü kəsilməkdə olan quşlar burda gözəl mənzərə yaradırdı. Göldə hətta çar dövründən burda balıq vətəgəsi olub. Heyf ki, göl qurudu hamısı yox oldu getdi, bu vəziyyətə düşdü. Gölə sonradan Kür çayından nasoslarla  su vurmağa başladılar. Kür çayının da səviyyəsi aşağı düşüb. Burda sənaye əhəmiyyətli balıqların sayının, ov quşlarının sayının  azalması, flora və faunanın dəyişməsinə gətirib çıxarıb.”

Göldə 50-dən çox, o cümlədən 10-u qırmızı kitaba düşən quş növləri məskunlaşmışdı. Onlardan kiçik qarabattaq, göydimdik və qıvrımlələk qutan, çəhrayı flaminqolar, qırmızıdöş qaz  və sair bu kimi nadir növ quşlarla zəngin olan fauna tam yoxa çıxıb. Göl bu canlı növlərin qorunub saxlanılması üçün bütün regionda xüsusi əhəmiyyətə malik olub. Qurumazdan əvvəl göldə hər il 15 min qışlamada, 25 min yuvalamada su quşları qeydə alınırdı. Hələ bu yaxınlara qədər hətta azacıq su olan kimi gölə çəhrayı flaminqolar da uçub gəlirdi. Artıq illərdir ki, belə bir zəngin faunanın məhvinə görə bioloq və ornitoloqlar həyəcan təbili çalır.

Bioloq İradə Səfərova deyir ki, xəritədə aydın görünən göl indi baxımsızlıqdan tamamilə yox olub: “Gölün həddindən artıq ekoloji əhəmiyyəti var. Vaxtilə göldə zəngin balıq növləri olub. Gölün yaxınlığında balıq vətəgəsində göldən tutulan balıqlardan istifadə olunub. Burda həddən çox quş məskunlaşıb. Flaminqoların məskən saldığı göl indi flaminqosuz qalıb. Suyun və qidanın olmaması səbəbindən nadir ördək növü olan mavi ördəkburun məskunlaşma yerini dəyişərək digər yerlərə üz tutub.”

Ərazinin ekoloji durumu yerli sakinlərdə də narahatlıq yaradır. Hacıqabul şəhərinin kanalizasiyasının gölə axıdılması da yay aylarında göldə həm ağcaqanadların çoxalmasına, həm də xoşagəlməz qoxuların yayılmasına səbəb olur. Sakinlər gölün bərpa olunmasını istəyir.

Sovet dövründə ərazidə inşa edilən avtomobil yolları və digər infrastruktur obyektlər Kür çayından təbii yolla qidalanmanın qarşısını aldığı üçün Hacıqabul gölünün su ilə qidalanması mexaniki üsullarla həyata keçirilib. Həmin dövrdə Kür çayından çəkilən 6 km-lik kanaldan nasos vasitəsi ilə  göl  su ilə təmin edilib. Su təchizatı sistemi artıq son 20 ildir ki, işləmir. Hacıqabul gölü bütün xüsusiyyətlərinə görə, beynəlxalq su bataqlıq sahəsi meyarlarına cavab verir. Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiya yaradılacağı bildirilib.

Bu barədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu ilin sentyabrın 17-də keçirilən iclasında məsələ qaldırılıb. Məsələ komitənin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib. Gölün bərpası barədə məsələ qaldıran Milli Məclisin deputatı İltizam Yusifov bu barədə APA TV-yə öz fikirlərini bildirib: “Çox təəssüf olsun ki, bu gün burda böyük bir ekoloji fəlakət yaşanır. Göl quruyub və demək olar ki, göl yoxdur. Bəli, göllə bağlı müvafiq qurumlar müəyyən işlər görüblər. Zaman-zaman bu işlər gedib, təkliflərini də veriblər. Mənim özümün də bir-neçə gün bundan əvvəl bu məsələlərlə bağlı müəyyən araşdırmalarım olub. Hadisələri qabaqlamaq istəməzdim. Hesab edirəm ki, bu göl, gölətrafı torpaq sahələri müvafiq qurumun subyekti olmalıdır, ən azından bu sahədə yasaqlıq elan olunmalıdır. Bundan sonra gölün bərpasından danışmaq olar.”

Gölün su ilə təmin olunarsa, onun zəngin flora və faunası özünə qayıdar, ekoturizm üçün bütün imkanlar yaradılmış olar.

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR