İşğal zamanı dayanan saat 28 il sonra Cəbrayılda öz-özünə işlədi

# 20:22
12 oktyabr 2021

Yolumuz Cəbrayıladır. Çox ağır və məsuliyyətli bir yola çıxmışıq.  Bu dəfə tək deyiləm. Mənimlə jurnalist həmkarım, 13 yaşında Cəbrayılı tərk etmək məcburiyyətində qalan yazar Samirə Əşrəf də var. Yolboyu Samirə ilə uşaqlığından, Cəbrayılda keçən günlərindən danışırıq. Qaçqınlıq həyatından, sığındıqları qohumların, tanışların evlərində özünü necə yad hiss etməsindən, Bakıda min bir əziyyətlə keçirdiyi gəncliyindən söhbət açdıqca gah bulud kimi dolur, gah da o şaqraq gülüşü ilə kədərini boğmağa çalışır....

 

Sözün düzü, bu səfərə Samirə ilə gedəcəyimi eşidəndə bir qədər çəkindim. Niyə? Çünki işdə hər dəfə həmkarımla söhbət edəndə qoyub gəldiyi Cəbrayılını xatırlayır yenidən evlərinə gedəcəyini, otağında əyləşib uşaqlığında olduğu kimi pianinonu dilləndirəcəyini, atasının əkdiyi meyvə ağaclarından bizim üçün meyvə gətirəcəyini deyirdi.

 

İşğaldan azad olunmuş ərazilərə bir neçə dəfə səfər etdiyimdən erməni vəhşilərinin orada daşı daş üstündə qoymadığını, bir zamanlar göz oxşayan evlərin indi sadəcə bir daş topalarından ibarət olduğunu bildiyimdən onun bu arzularının heç bir zaman gerçəkləşməyəcəyini, qoyub gəldiyi əşyalarına, evlərinin divarlarına belə toxuna bilməyəcəyini bilirdim. Amma bunları ona deyə bilmirdim, onu 28 il əvvəl məcburən tərk etdiyi Cəbrayılının xəyallarından ayırmaq istəmirdim... Elə bütün bunlara görə də onunla bu yola çıxmaq mənə çətin idi. Bir insanın eyni anda həm sevinəcəyinə, həm də kədərlənəcəyinə şahid olacaqdım. 

 

Bakıdan elə təzəcə yola düşmüşdük ki, özümdə cəsarət toplayıb bəlkə də Samirə üçün ən acı olan sualı verdim. Evinizi tapa biləcəksənmi? Bir anlıq onun mənə baxışından sanki “nə danışır bu qız, bir insan uşaqlığının keçdiyi-atasının öz əlilə tikdiyi evi, əkdiyi ağacları 13 il gəzdiyi o həyəti, hər gün məktəbə gedərkən keçdiyi o əyri-üyrü yolları, yol kənarında olan qoca çinarı, qəhrəmanın heykəlini, evlərinin yaxınlığındakı stadionu necə tanımaya bilər axı” dediyini hiss etdim. Bu qınayıcı baxışlar məni xarabaya çüvrilən Cəbrayıl şəhərinə girənə kimi izlədi...

 

Bu da Cəbrayıl... sadəcə daş topalarından ibarət Cəbrayıl... Qorxa-qorxa gözümün ucu ilə həmkarıma baxıram. Siz yağış yağmazdan öncə buludun neçə dolduğunu yəqin ki görmüsünüz? Bax Samirə eləcə dolub, donub dayanmışdı. Mən də susurdum, o da... Hiss edirdim ki, içində bir qorxu baş qaldırır... O dağılmış evlərin içindən öz evlərini tapa bilməmək qorxusu...

 

Bələdçimizin, Samirə xanım, baxın, o dediyiniz Çinarın yanı buradır deyəndə, sanki yuxudan ayıldı.. “Aa doğurdan axı burada çinar yoxdur? Mənim o gördüyüm əzəmətli çinar haradadır axı?”

Bax elə cavabı dəhşət saçan bu sualla da Samirənin illərlə gözünün yaddaşında qoruyub saxladığı mənzərə puç oldu.

 

“Samirə ilk dəfə Cəbrayıl torpağına ayaq basırsan.

Hə bax bura Çinarın yanı dediyim həmin o yerdir. Cəbrayıllılar buranı yaxşı tanıyır. Bu Çinar çox böyük idi, Aşağıdan kəhriz axırdı. Burdan o tərəfdə məktəb, yol var idi. Çinarında baxın balaca bir pöhrəsi qalıb. Kəhrizi də heç tapmaq olmadı. Çinar olmasaydı buranın evimizin yolu olduğunu tanıya bilməyəcəkdim. Bilirsiniz buraları bu vəziyyətdə görmək adamı ağrıdır. Dəhşətli mənzərədir. Buradan yuxarıda musiqi məktəbi , Bank var idi. Hamısı yadımdadır amma heç nə qalmayıb. Arxasında polis bölməsi var idi, onun aşağısında Cəbrayılın ziyalıları yığışardı.

Baxın bu ikinci çinardır. Bunu tapa bildim. Burdan aşağıda nənəmgilin, əmimgilin evləri idi. Amma tanıya bilmədim. Bax bu böyürtkən kollarından tanıdım. Hətta hekayələrimdən birində bacımın o böyürtkən kollarına necə yıxıldığını yazmışdım.  Onda da, indi də itburnu kolları var idi onu tanıdım”.

 

Bir qədər də irəliləyirik. Uçub dağılmış yurd yerində, daş qalaqlarının içində doğma divarları tapa bilməmək qorxu və təlaşı get-gedə artır. O qorxunun içində birdən-birə tanış bir səs gəlir, yer altından keçən artizyanın xəttinin səsi...

 

“Burdan girəndə fikirləşdim ki, burda dəmir yeşik var idi bəlkə o qalar. Baxın bu qalıb burda. Darvazadan heç nə qalmayıb. Bu hasar idi, bura otaqlar idi. Baxın burda hamamın kafellərindən tanıdım. Onun  böyründə balaca yer var “saray” deyirdik. Baxın oradan tanıdım. Burdan dəhliz var idi. Bu həyət idi. Bura yasəmən kolu var idi. Atam var əkmişdi. Atışma olanda biz qaçıb bura hamama girirdik. Gizlənirdik. Sonra qaçıb gedib Əlövsət dayıgilin zirzəmisinə giririk”.

 

“Bax bura otaq idi. Oranın açarlarını atam 2010-da ölənə kimi saxladı. İnanırdı ki, qayıdacağıq, gəlib qoyduğu kimi tapacaq hər şeyi. Orda uşaq otağıdır. Mənim pianinom var idi. “Sonuncu yayın sonatası” hekayəmdə onun haqqında yazmışam.”

 

“Bu saat bu evdən qalan sonuncu əşyadır. Aa işlədi ki, bu saat illərdir işləmir. Yatmışdı. Yəqin yolda atıb tutub ona görə işlədi.

Bəlkə o da öz evinə gəldiyini hiss edib. Bir mistik anlamdır.

Bəlkə də.

Bax üstündə lakları mən uşaq olanda çəkmişdim. Bu şəkillərdə yadınızdadır saqqızdan çıxırdı. Onu yapışdırmışam. Hara getmişdiksə qaçqınçılıqda bu saat bizimlə gəzib. Bu evdən qalan əşya kimi bircədənə bu saatdır. Qalan hər şeyimiz itib batıb”.

 

“Heç kimi inandıra bilmərəm ki, bura çox gözəl bir bağ idi. Ora siz dayandığınız yer başdan ayağa nar ağacı, gilas ağacı idi. Bax o nə ağacıdır o qalıb. Sabir həkim vardı qonşumuz deyirdi ki, Əşrəf bağa elə qulluq edir ləkləri elə düzür sanki iplə çəkir”.

 

Zamanımız qısa olduğundan geri dönmək vaxtı idi. 28 ildən sonra ata ocağına qovuşan bir insanı axı burdan necə ayıra bilərdim? Bir neçə dəfə “artıq getməliyik” demək istəsəm də, dilim varmırdı. Həmkarımın “bəlkə şəhərin mərkəzinə, oxuduğum məktəbin yanına da baş çəkək. Oradan yadigar qalan şəkillərim var. Onları da orada sənə göstərərəm” deməsi düşdüyüm müşküldən məni çıxardı. Yol alırıq şəhər mərkəzinə, vaxtilə al-əlvan, gəlimli-gedimli olan şəhər parkına.

 

“Bax bura o dağıntılar oxuduğumuz Cəmil Əhmədov adına məktəbdir. Bax buralarda da onun heykəli var idi. Bax şəkildə o yerdəyik. Bacım , atam, anam və mənəm. Bu dayandığımız yerdir bura. Burada çaylaq deyilir. Görürsünüz o da körpünün bir hissəsi qalıb”.

 

Nəhayət, bizə ayrılan vaxtın sonuna gəlirik. Evlərindən, sonra məhəllədən, lap axırda rayondan uşaqlaşırıq. Gecə saatlarında Bakıya qayıdanda Samirənin sürücümüzə dediyi bu sözlər hələ də məni düşündürür... Yolumuz nə yaman uzandı? Çatmırıq hələ Bakıya? Axı Cəbrayıla yaman tez çatmışdıq.....

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV  

 

 

 

 

 

 

 

 

 

 

              

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR