“Şair ölümünə inanmıram mən” – FİKRƏT QOCAYA SON VİDA

# 18:40
5 may 2021

Bilirdi həyatın üzü soyuqdur,

Dünyaya namərdsən deməmişdi o.

Qanundur o yanı, bu yanı yoxdur.

Gələn getməlidir, gəldi, getdi o.

 

Ölüm də qanundur yaşamaq kimi

Odur ki, artıqdır göz yaşları, qəm.

Deyib qurtarmamış hələ fikrini,

Şair necə ölər, hələ bilmirəm.

 

APA TV xəbər verir ki, bu misralar çağdaş ədəbiyyatımızın öncül nümayəndələrindən olan Fikrət Qocanın “Şair, ölümünə inanmıram mən” şerindəndir.

 

Bu gün isə biz onun ölüm xəbəri ilə sarsıldıq. Şairin ölümünə inana bilməsək də, bu gün ailəsi və sənət yoldaşlarının iştirakı ilə Fəxri Xiyabanda torpağa tapşırıldı:

 

Yaradıcılığı sevgi ilə yoğrulan Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Ədəbi yaradıcılığa kiçik yaşlarından meyl göstərən şair 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri isə 1956-cı ildən mətbuatda çap edilməyə başlayıb. “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadığım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) şer və poema topluları işıq üzü görüb. Azərbaycan ədəbiyyatında Fikrət Qoca şerlərinin xüsusi yeri var. “O torpaq”, ”Yenə qoynunda bitərik”, “Anamız Azərbaycan” kimi yüzlərlə şerləri ilə oxucuların sevgisini qazanıb.

 

Fikrət Qocanın bir çox mahnıları da nəğməyə çevrilib. O, şeirlərinə ən çox mahnılar bəstələnən şairlərdəndir. Tofiq Quliyevin “Mehribanlıq səadətdir”, Emin Sabitoğlunun “Payız gəldi”, Polad Bülbüloğlunun “Gəl, ey səhər” kimi məşhur mahnılarının sözləri də Fikrət Qocaya məxsusdur.

 

İki dəfə ailə həyatı quran xalq şairinin 54 yaşlı oğlu Yalçın Qocayevi 2014-cü ildə üç nəfər döyərək amansızlıqla öldürüb. Bundan sonra o, “Oğluma sonuncu layla” şerini yazıb.

 

Şair bir zamanlar ağır ağciyər xəstəliyinə tutulub. Bu səbəbdən onun ağciyərinin yarısı əməliyyat olunaraq götürülüb. Buna görə də sonralar şairin səsi batıb.

 

Şairin müsahibələrinin birində dediyi kimi, “yaxşı mahnı yanmır, itmir, ölmür, xalqın ürəyinə yol tapıbsa, yaşayacaq. Müəlliflərini itirsə də, yaşayacaq”.

 

“Şair nəğmə kimi gəlir cahana, nəğmə ölümünə inanmıram mən” deyən 85 yaşlı xalq şairi artıq aramızda olmasa da, şeirləri nəğmələrdə, oxucularının dilində daim yaşayacaq.

 

Fatma Zahidqızı

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR