Sərnişinlərin həyatını kim təhlükəyə atır: DANX, yoxsa “Vita”lar

# 21:27
21 oktyabr 2021

Saat 11 radələri, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəyik.

 

Məqsədimiz Dövlət Avtomobil Nəqliyyatı Xidməti və  Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təşkil etdiyi qeyri-qanuni sərnişin daşıyan sürücülərlə görüşünü işıqlandırmaqdır. Tədbirdən əvvəl rəsmilərlə birlikdə avtovağzalın qarşısındakı mənzərəni daha yaxından müşahidə etmək üçün sürücülərlə görüşmək istədik. Kameranın obyektivindən yayınanlar da oldu, avtomobilini tərk edib qaçanlar da.

 

Təxminən 1 saat müşahidə aparırıq, qaçanları saxlaya bilməsək də, dayanıb Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bizə şikayət edənlər də olur.

 

Sürücülərin bəziləri deyir ki, 2009-cu ildən sürücü kimi fəaliyyət göstərirlər. Bütün sənədləri də var. Amma nədənsə “Vita”larla sərnişindaşıma üçün fərqlənmə nişanı ala bilmirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

 

Sürücülərin bu şikayətini elə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin həyətində Sərnişindaşımanın Təşkili şöbəsinin rəisi, Milli Qəhrəman Ehtiram Əliyev də dinlədi.

 

Daha sonra üz tutduq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə. Qurumun rəsmisi Turanə Əkbərova qeyri-qanuni daşımalarla bağlı sərt tədbirlərə başlandığını deyir: “Artıq bir neçə gün öncə 19 yaşlı gəncin törətdiyi qəza, dünənsə Bakı-Ucar yolunda baş vermiş qəza bizə daha güclü tədbirlər görməyə əsas verir. Elə bu səbəbdən də bu gün avtovağzalın ətrafında qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, avtovağzalın rəsmi nümayəndələri və DANX görüş keçirib. Onlara qanuni, bu prosesin necə həyata keçiriləcəyi ilə bağlı məlumat verilib. Avtovağzal kompleksinin daxilində yerləşən “Azərpoçt” şəbəkə xidmətinə müraciət edərək daşıyıcı əgər avtonəqliyyat vasitəsi qaydasındadırsa və müəyyən xətt üzrə sərnişin axını varsa o zaman müraciət edib cəmi 40-50 dəqiqə ərzində fərqlənmə nişanı əldə edə bilər”. 

 

O ki, qaldı “Vita” markalı kiçik tutumlu avtobus sürücülərinin fəaliyyətinə? Turanə Əkbərova deyir ki, sərnişinlər üçün oturacaq sayı 22 üstü olmalıdır: “Əgər deyilmiş rəqəmdən az olarsa təbii ki, qaydalara uyğun deyil və həmin avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilə bilməz”.

 

Maraqlıdır qeyri-qanuni sürücülərlə mübarizə tədbirlərini gücləndirmək üçün kütləvi insan ölümünün olduğu qəzaların artması niyə əsas gətirilir? “Bilirsiniz pandemiya şəraiti olduğu üçün qanunsuz daşımalar bu qədər vüsət almamışdı. Reydlər də ona görə keçirilmirdi. Məhz bu səbəbdən hazırda DANX və DYP birgə reydlər aparır. Pandemiya dövrü olduğundan bu yoxlamalara ara verilmişdi”

 

Maraqlıdır görəsən illərdir aidiyyəti qurumlar tərəfindən aparılan bu mübarizə tədbirləri niyə heç bir nəticə vermir?

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, bunun tək səbəbi yazılan qanunların kağız üzərində qalmasıdır.

 

Belə, sürücüləri də dinlədik, rəsmiləri də. Amma görünən dağa nə bələdçi...

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR