Bank Of Baku

Abşeronda alternativ su mənblərindən istifadə imkanlarının öyrənilməsi təmin ediləcək

ADSEA sədri Zaur Mikayılov

© APA | ADSEA sədri Zaur Mikayılov

# 16 iyun 2026 12:05 (UTC +04:00)

Son illərdə ölkə üzrə su ehtiyatlarının qorunması, yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində intensiv və genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin mühüm hissəsi ölkənin şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edir.

APA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib.

ADSEA sədri bildirib ki, xüsusilə Taxtakörpü su anbarı və ona inteqrasiya olunmuş hidrotexniki sistemlər son illərdə regionun su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb:

"Bu layihələr vasitəsilə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi və əhalinin içməli su təminatının gücləndirilməsi mümkün olmuşdur. Bununla yanaşı, ölkəmizin ən böyük su təsərrüfatı sistemlərindən biri olan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və mərhələli şəkildə modernləşdirilməsi istiqamətində aparılan işlər regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sistem vasitəsilə həm Abşeron yarımadasının, həm də şimal rayonlarının su təminatı həyata keçirilir. Hazırda Agentlik tərəfindən bu sistemdə su itkilərinin azaldılması, kanalların yenidən qurulması, hidrotexniki qurğuların modernləşdirilməsi və idarəetmənin rəqəmsallaşdırılması istiqamətində bir sıra tədbirlər görülür".

Zaur Mikayılov əlavə edib ki, Abşeron, Sumqayıt və Xızı regionlarının torpaqları iqlim baxımından yetəri qədər həssas zonadadır. Burada hər il istixanalar, badam və zeytun bağları sürətlə genişlənsə də, region arid iqlim qurşağında yerləşməsi və yerli su ehtiyatlarının formalaşmaması burada müasir suvarma üsullarına keçidlə yanaşı alternativ su mənbələrindən istifadənin öyrənilməsini şərtləndirir:

"Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4229 nömrəli Sərəncamının icrası istiqamətində özəlliklə Abşeron yarımadasında alternativ su mənblərindən istifadə imkanlarının öyrənilməsi təmin ediləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR