“Aqrar sahəyə dövlət dəstəyi artırılıb, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub".
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Qubada regional müşavirədə deyib.
Qeyd olunub ki, ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub:
"Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox iri layihələr icra edilmiş, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilmiş, suvarma kanalları yenidən qurulmuş və bu proses hazırda da davam etdirilir.
Kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülmüş, texnika parkı demək olar ki, tam yenilənib.
Ölkəmizdə həyata keçirilən bu islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri edib. Prezidentin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınıb və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılmış və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb".
Qeyd olunub ki, aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas dövlət dəstəyi mexanizmi kimi qəbul olunub.
Tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir”.