Bakı. Musa Əhmədov - APA-Economics. İldən-ilə dövlət büdcəsinin neft gəlirlərindən asılılığı azalır və 2015-ci ildə qeyri-neft sektorundan gəlirlərin dövlət büdcəsində payı 34,7% proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 7,8% çoxdur.
“APA-economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin Eldar İbrahimov bildirib.
Onun sözlərinə görə, bu artım son illər ölkədə qeyri-neft sektorunda innovasiyalı texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması və regionlarda həyata keçirilən tədbirlərlə əlaqədardır. Regionların inkişafına dair dövlət proqramlarının icrasının nəticəsidir ki, ildən-ilə yerli büdcələrə dotasiyaların həcmi azaldılır: “Əgər 2011-ci ildə regionlar üzrə büdcə xərclərinin 77,1%-ni və şəhərlər üzrə 54,3%-ni mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait təşkil edirdisə, 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 71,4% və 25,2% proqnozlaşdırılır. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq büdcə vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin ÜMD-də və büdcə gəlirlərində xüsusi çəkisi artımına səbəb olur”.
Millət vəkili əlavə edib ki, qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin kompleks inkişaf etdirilməsi üçün xeyli işlər görülüb. “Belə ki, 2001-2014-cü illərdə kənd təsərrüfatı məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olunması nəticəsində 1,6 mlrd. manat büdcəyə ödənilməli olan vəsait fermerlərin sərəncamında qalıb. 2007-2014-cü illərdə fermerlərə 784 mln. manat subsidiya, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 115 mln. manat güzəştli kredit verilib. Təkcə 2012-2013-cü illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aqrar sektora 338 mln. manat güzəştli kredit ayrılıb”.
E. İbrahimov əlavə edib ki, Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarını istehsal edənlərə güzəştlə satılacaq mineral gübrənin dəyərinin dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək hissəsinin hər hektara görə, orta hesabla 50%-dən 70%-ə çatdırılması və istifadə olunan mineral gübrələrin dəyərinin 50 manatdan 80 manata qədər qaldırılması barədə qərar qəbul edib. “Yalnız bu addımın hesabına fermerlər 55-60 mln. manat subsidiya alacaqlar: “Bu bir daha onu göstərir ki, aqrar sahə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və bu sahə həmişə diqqət mərkəzindədir”.