Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda kənd təsərrüfatı sahəsindəki əsas problemləri açıqlayıb.
APA-nın verdiyi məlumata görə, E.İbrahimov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin qarşıya qoyduğu “Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir” vəzifəsi hələ tam həllini tapmayıb, ona görə də respublikada əsas diqqət ərzaq məhsullarının istehsalının artırılmasına yönəldilməlidir.
E.İbrahimov qeyd edib ki, güzəştli kreditlərin dərəcələri artırılmalı və faiz dərəcələri aşağı salınmalı, torpağın girov qoyulması məsələsi həll edilməli və kreditin verilməsi bir qədər sadələşdirilməlidir ki, bundan daha çox adam faydalansın. Komitə sədri onu da nəzərə çatdırıb ki, “Aqrolizinq” ASC-nin rayonlarda fəaliyyət göstərən aqroservis filiallarının fermerlərə göstərdiyi xidmətlərin qiyməti baha olduğundan, fermerlər onlara müraciət etməyə o qədər də həvəs göstərmirlər: “Ona görə də istər aqrolizinq yolu ilə satılan texnikanın, istərsə də fermerlərə göstərilən aqroservis xidmətlərinin qiymətinə yenidən baxılmalı və aşağı salınmalıdır. Respublikada əsas ərzaq məhsullarının (taxıl, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət, süd, yumurta, balıq və bitki yağı) 6 faizi istifadə olunmadan itkiyə gedib. Bu da adambaşına il ərzində 54,2 kq və ya bir gündə 148 qr ərzaq məhsulunun itkiyə getməsi deməkdir. Azərbaycanda bu itkilərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ərzaq təhlükəsizliyinin təmin edilməsi səviyyəsinin artırılmasına müsbət təsir edər”.
Aqrar siyasət komitəsinin sədri vurğulayıb ki, əhalinin fəal və sağlam həyat tərzini təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normalara uyğun ərzaqla təmin olunması məqsədi ilə bir çox məhsulların istehsalının artırılmasına ehtiyac var: “Məsələn, ölkəmizdə taxılın ən yüksək məhsuldarlığı 2008-ci ildə əldə edilib və hər hektardan 27,8 sentner məhsul götürülüb. Hər inək və camışdan isə 2012-ci ildə 1307 kq süd sağılıb. Ancaq nəzərə alınsa ki, Avropa ölkələrində hər hektardan orta hesabla 50-60 sentner, bəzi ölkələrdə isə 75-80 sentner buğda məhsulu götürülür, hər inəkdən isə 7-9 min kq süd sağılır, onda məhsuldarlığı artırmaq üçün Azərbaycanda nə qədər böyük potensialın olduğu aydın olar. Buna nail olmaq üçün ilk növbədə toxumçuluq və damazlıq işi qaydaya qoyulmalıdır. Azərbaycanda aşağı reproduksiyalı taxıl toxumlarının yüksək (77,6%) dərəcədə çoxluq təşkil etməsi məhsuldarlığı əngəlləyən əsas səbəblərdəndir. Digər tərəfdən, dövlət və özəl damazlıq təsərrüfatlarında damazlıq iri buynuzlu mal-qaranın sayı bu ilin əvvəlinə cəmi 6638 baş olub ki, bu da ümumi sayın (2 milyon 735 min baş) 0,24%-ni təşkil edir. Elit toxumlarla süni mayalanma isə inəklərin 10%-dən çox deyil. Heyvandarlıqda məhsuldarlığın artımı mal-qaranın ümumi sayında damazlıq heyvanların xüsusi çəkisindən asılıdır”.
E.İbrahimov nəzərə çatdırıb ki, Azərbaycanda 4768,3 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin cəmi 30%-i, o cümlədən 1855 min hektar əkin sahəsinin 65%-i suvarılır. Məhsuldarlığın artırılması üçün suvarmanın genişləndirilməsini zəruri sayan Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olduğuna görə ölkəmizdə hazırda mövcud olan siyasi, iqtisadi, maliyyə və digər resurslar da bu sahənin kompleks inkişafını təmin edən aqrar klaster sistemi yaradılmasına yönəldilməlidir.