İlk rübdə “Azneft” 1,5 mln. ton neft, 1,4 mlrd. kubmetr qaz hasil edib

İlk rübdə “Azneft” 1,5 mln. ton neft, 1,4 mlrd. kubmetr qaz hasil edib
# 07 may 2018 11:16 (UTC +04:00)

“Azneft” İstehsalat Birliyi 2018-ci ilin yanvar-mart ayları üçün qarşıya qoyulmuş hasilat planını artıqlaması ilə yerinə yetirib.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov “Natural Gas World” dərgisinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, SOCAR və “Azneft” üzrə neft hasilatının stabil saxlanılması və təbii qazın hasilatının artırılması üçün əsasən 3 istiqamətdə kompleks tədbirlər davam etdirilir: “Bu ilin ilk rübündə “Azneft” üzrə 1,5 milyon ton neft hasil edilib. Bundan başqa, neftçilər 1,4 milyard kubmetr qaz hasil edərək, planı artıqlaması ilə yerinə yetiriblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Azneft” üzrə qaz hasilatı 8% artıb”.

O bildirib ki, qaz hasilatındakı artım əsasən N.Nərimanov adına NQÇİ-dəki artımın sayəsində olub: “Ümumiyyətlə, qaz hasilatının idarələr üzrə bölgüsünə nəzər yetirdikdə hasilatın 98,7% faizi dəniz yataqlarının (“28 May” NQÇİ – 79%, N.Nərimanov adına NQÇİ – 17,4%, “Neft Daşları” NQÇİ – 1,6% və “Abşeronneft” NQÇİ isə 0,7%), 1,3 faizi isə quru yataqlarının payına düşür. Ümumi qaz hasilatının 74,4 faizi təbii qazın, 25,6 faizi isə neftli qazın (səmt qazı) payına düşür”.

D. İskəndərov bildirib ki, yataqların tam miqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən üç ayda da uğurla davam etdirilib: “Belə ki, “Azneft”in sifarişi əsasında 15 quyu qazılaraq istismara verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz və ya 5 quyunun artıq qazılması deməkdir. Yeni quyuların qazılması nəticəsində neft hasilatının artımı planlaşdırılmış hasilat artımını 23 faiz üstələyib. Ötən üç ayda fəaliyyətsiz quyu fondundan 12 quyu planlaşdırıldığı halda, faktiki olaraq 29 quyu istismara qaytarılıb. Bu quyulardan planlaşdırılandan 65 faiz çox neft hasil edilib”.

Birlik sədri qeyd edib ki, bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub: “Belə ki, bu ilin əvvəlindən 179 geoloji tədbir keçirilib, nəticədə bu quyulardan plana qarşı 2 dəfədən artıq neft hasil edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR