FHN-in Akademiyasında Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

FHN-in Akademiyasında Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib
# 29 mart 2018 12:56 (UTC +04:00)

Martın 29-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

APA-nın xəbərinə görə, soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında tarixi torpaqlarımızın müxtəlif bölgələrində xalqımıza qarşı törədilmiş soyqırımı aktı “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən erməni-daşnak millətçilərinin məkrli planlarının tərkib hissəsidir: “Erməni millətçilər zaman-zaman dədə-baba yurdlarımızda əsassız iddialarını gerçəkləşdirmək üçün Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini məqsədyönlü şəkildə həyata keçirib və tarixdə misli görünməyən vəhşiliklər törədiblər”.

Vurğulanıb ki, Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq on doqquz ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamının əhəmiyyətindən danışan Akademiyanın rəisi 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları və bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə də ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını diqqətə çatdırıb. Baş vermiş faciənin tarixinə toxunan natiq bildirib ki, bu qanlı hadisələr nəticəsində mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib. Qeyd olunub ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər öz havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin əsas məqsədlərinə çeviriblər.

Mərasim iştirakçıları tədbirin sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş filmi izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR