Azərbaycanın energetika naziri İstanbulda keçiriləcək Avrasiya İqtisadiyyat yığıncağında iştirak edəcək

Azərbaycanın energetika naziri İstanbulda keçiriləcək Avrasiya İqtisadiyyat yığıncağında iştirak edəcək
# 03 fevral 2014 13:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin «Yerli Qlobal İpək Yolunda iqtisadiyyatın və enerjinin gələcəyi» mövzusunda İstanbul şəhərində keçiriləcək XVII Avrasiya İqtisadiyyat yığıncağında iştirak edəcək.

Azərbaycan Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, mərasimdə Azərbaycanın energetika naziri N.Əliyev öz çıxışında Türkiyə-Azərbaycan əlaqələri və enerji sahəsində həyata keçirilən iri layihələr, o cümlədən «Şahdəniz-2», Cənub Qaz Kəmərinin genişlənməsi, TANAP, TAP, Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi xətlərinin birləşdirilməsi və digər məsələlər haqqında məlumat verəcək.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 1985-ci ildə Türkiyədə yaradılıb. Ankarada ictimai qurum kimi fəaliyyət göstərən təşkilatın əsas məqsədi Türkiyədə və regionda baş verən siyasi, iqtisadi və mədəni proseslərin təhlil olunmasından, yeni qərar və layihələrin tətbiq edilməsindən ibarətdir. Öz sıralarında Türkiyənin nüfuzlu siyasət adamları, politoloqları, iqtisadçıları və məşhur analitikləri birləşdirən qurum mədəniyyətlərarası dialoqun təşkilinə, qlobal əməkdaşlığın genişləndirilməsinə, demokratiyanın inkişafına yardım edən layihələr hazırlayır. Qurum 2000-ci ildən BMT-nin ECOSOC, 2004-cü ildən isə UNESCO çərçivəsində fəaliyyət üçün müşahidəçi statusu alıb. Qurum Türkiyədə bir neçə dəfə ilin ən populyar qeyri-hökumət təşkilatı adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR