Gəncədə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilir - FOTO - VİDEO

Gəncədə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2013 09:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün Gəncə şəhərində Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkənin qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans işə başlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə konfrans iştirakçıları əvvəlcə Gəncə şəhərində Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Gəncədəki toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin yeddincisi olduğunu diqqətə çatdırıb. Komitə sədri regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb. Komitə sədri dövlətin din siyasətinin pozitiv dünyəvilik əsasında qurulduğunu vurğulayıb: “Bunun nümunəsi kimi dövlət başçısının qayğısı nəticəsində 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub”.

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev respublikanın hər yerində olduğu kimi, Gəncədə də milli-mənəvi dəyərlərə yüksək dəyər verildiyini bildirib və qeyd edib ki, İmamzadə kompleksinin yenidən qurulması və bir neçə dini ibadət ocağının təmiri dövlətin mənəvi dəyərlərə göstərdiyi diqqətin bariz nümunəsidir.

Millət vəkilləri Qənirə Paşayeva, Asəf Hacıyev çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.

Konfransda çıxış edən yerli din xadimləri və dindarlar bildiriblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsini, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi qeyd olunub.

Tədbirdə həmçinin Dövlət Komitəsinin dini icmalar üçün təlim kursları təşəbbüsü dindarlar tərəfindən dəstəklənib. Qeyd olunub ki, belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir.

Sonra Gəncədə fəaliyyət göstərən dini icmaların təşəbbüsü ilə qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanatın mətni konfrans iştirakçılarına təqdim edilib. Səsə qoyulan bəyanat qərb bölgəsinə daxil olan 12 rayonda fəaliyyət göstərən dini icma nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.

Qeyd edək ki, regional konfrans çərçivəsində 12 məruzə dinlənilib. Din xadimləri, dindarlar, ilahiyyatçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində regional konfransın iştirakçıları prezident İlham Әliyevin sərəncamı ilə təmir olunan İmamzadə ziyarətgah kompleksini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR