ADA Universiteti 8-ci Bakı Yay Enerji Məktəbini təşkil edir

ADA Universiteti 8-ci Bakı Yay Enerji Məktəbini təşkil edir
# 19 fevral 2014 16:54 (UTC +04:00)

Bakı - APA. ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşlığı ilə iyulun 5-18-də 8-ci Bakı Yay Enerji Məktəbini keçirəcək.

ADA Universitetinin Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, iki həftəlik sertifikat proqramı qlobal və Xəzər enerji, ətraf mühit məsələlərini təhlil etmək və daha yaxşı anlayış əldə etmək üçün dünyanın tanınmış alim, akademik və siyasətçilərini bir araya gətirəcək.

Regional boru xətti və enerji təhlükəsizliyinin inkişafı ilə yanaşı, iştirakçılar enerjinin əsasları, enerji hüququ və iqtisadiyyatı, ətraf mühitə təsiri, neft və qaz sənayesində idarəçilik və ARDNŞ-ın strateji perspektivləri kimi məsələlərlə daha geniş tanış olacaqlar.

Bakı Yay Enerji Məktəbi dünyanın hər bir yerindən olan dövlət və özəl sektor rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. İştirakçılar Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı, TAP, BP, “ExxonMobil”, “Total”, “Statoil”, “LUKoil” neft şirkətləri rəhbərlərinin əsas natiq olacağı yay məktəbində problemli məsələləri müzakirə etmək fürsəti əldə edəcəklər. Müəllimlərin siyahısı Oxford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya elminin görkəmli mütəxəssisləri ilə tamamlanacaq.

Ən nəhayət, bu proqram Bakı-Tbilisi-Ceyhan boru xətti, Səngəçal neft terminalı, palçıq vulkanları, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyev və dünya şöhrətli Nobel qardaşları muzeyləri kimi Azərbaycanın müasir və keçmiş neft sənayesi ilə bağlı olan bənzərsiz yerləri gəzmək üçün inanılmaz istirahət imkanı yaradır.

Proqram tamamlandıqdan sonra iştirakçılar ADA Universitetinin sertifikatları ilə mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR