Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal neft terminalında olublar - FOTO

Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal neft terminalında olublar - <span style="color: red;">FOTO
# 14 iyun 2014 21:16 (UTC +04:00)

APA-nın məlumatına görə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər Enerji Mərkəzi ilə tanış olub.

Ali qonağa bildirilib ki, Mərkəz 2005-ci ildə ABŞ, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Qonaqlara respublikanın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 illik tarixini nümayiş etdirməkdir.

Qonaqlar müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxdılar.

Sonra “Şahdəniz” və “Cənub qaz dəhlizi” layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi.

Prezident İlham Əliyevə və Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya xatirə hədiyyələri təqdim olundu.

Terminalın ərazisində gəzinti zamanı bildirilib ki, Səngəçal terminalı haqlı olaraq Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. O, Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır. “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilə bilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunmuşdur. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.

Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. “İlkin Neft Layihəsi” və “Səngəçal Terminalının Genişləndirilməsi Proqramı” nəticəsində terminalda hər birinin həcmi 25.500 kubmetr olan və ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 xam neft saxlama çəni yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir. Bundan başqa, Səngəçal terminalı “Şahdəniz” qaz qurğusundan gündə 40 milyon kubmetrdən artıq “mavi yanacaq” qəbul edə bilir. Mövcud “Şahdəniz” qurğusunun arxasında isə gələcək genişləndirilmə sahəsinin ərazisi yerləşir. “Şahdəniz”in ikinci mərhələsi çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə işləri aparılacaq. Bu, terminalın ümumi qaz emalı həcminin üç misli qədər, yəni, ildə əlavə 16 milyard kubmetr qaz emal etməsinə imkan verəcək və nəhəng kompleksin Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq.

Terminalın işçi heyətində milli kadrların daha geniş təmsil olunmaları ilə bağlı da ardıcıl iş aparılır. Artıq “İlkin Neft Layihəsi”ndə çalışanların hamısı azərbaycanlı kadrlardır.

Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR