İranda azərbaycanlı fəal azadlığa çıxıb

İranda azərbaycanlı fəal azadlığa çıxıb
# 20 may 2014 10:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəal azadlığa çıxıb.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, bu, İran qanunlarının icazə verdiyi şərtli əfv qərarı nəticəsində mümkün olub. Belə ki, Vəli Bərqdar təxminən 40 günlük həbs həyatından sonra mayın 17-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, V.Bərqdar aprelin 8-də barəsində çıxarılmış həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə salınıb. O, 2011-ci il sentyabrın 29-da bir neçə azərbaycanlı fəalla birlikdə “Bəsic” qüvvələri tərəfindən həbs edilib. Buna səbəb onların 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakəti müzakirə etdiklərinə görə həbsə alınmış 30-a yaxın azərbaycanlı fəalların azadlığa buraxılması tələbi ilə divarlara afişalar yapışdırmaları olub.

Azərbaycanlı fəalların təcridxanada saxlanıldığı müddətdə fiziki işgəncələrə məruz qaldıqları, evlərində axtarış aparıldığı, onlara məxsus kompüter, kitab, CD və digər şəxsi əşyaları müsadirə etdikləri bildirilir. Nəhayət V.Bərqdar 2012-ci il yanvarın 7-də Şəhram Dadaşi Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhim Əlirzayi, Məsud Bayrami, Əmir Babayi, Əsgər Ağayi Əlvəndi və bəraət qazanmış daha iki nəfərlə birlikdə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilib. Azərbaycanlı fəallar ölkənin milli təhlükəsizliyinə qarşı bir yerə toplaşmaq, əvvəlcədən sövdələşməklə qarşı çıxmaq və hakimiyyətin əleyhinə təbliğat aparmaqda ittiham olunublar. Sonda onların hər biri 8 ayı şərti olmaqla 1 il həbs cəzasına məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR