Bakıda İSO 55001 standartı üzrə təlim keçiriləcək

Bakıda İSO 55001 standartı üzrə təlim keçiriləcək
# 01 iyul 2014 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyulun 7-10-da Bakı şəhərində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə aktivlərin idarəedilməsi sistemi tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə 4 günlük təlim keçiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, İSO 55001 “Aktivlərin idarəedilməsi sistemi” standartı yeni standartdır və bu ilin yanvar ayında nəşr edilib. Qeyd olunan standartın əsasını təşkil edən PAS 55 standartı ilk dəfə 2004-cü ildə Aktivlərin idarəedilməsi üzrə Britaniya İnstitutu və Britaniya Standartlar İnstututnun birgə əməkdaşlığı nəticəsində meydana gəlib. Sonradan bu standart əsasında İSO 55000 seriyalı standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən qəbul edilib.


Qeyd olunan standartın tətbiqi üzrə təlimlər geniş infrastruktura malik iri dövlət və qeyri dövlət şirkətlərinin rəhbərləri və əməkdaşları üçün nəzərdə tutulub. Təlimlər əsas üç hissədən ibarət olmaqla, aktivlərin idarəedilməsinin əsaslarını, İSO 55001 tələblərini, İSO 55001 üzrə auditin əsas aspektlərini özündə cəmləşdirir. Təlimlərin əsas məqsədi iri şirkətlərin infrastrukturunun, aktivlərinin effektiv idarəedilməsinin yüksəldilməsi istiqamətləri barədə məlumatları iştirakçılara çatdırmaqdır. İSO 55001 standartı biznesin strateji məqsədlərinə nail olmaqda müəssisələrə öz aktivlərindən effektiv və səmərəli istifadə etmə yollarını göstərir. Bu yanaşma şirkətin potensialından maksimal səviyyədə istifadəni təmin etmək istiqamətində aktivlərin idarəedilməsinin mükəmməl strategiyasını işləyib hazırlamağa imkan yaradır.

Qeyd edək ki, İSO 55001 təlimlərinin nəticələrinə əsasən imtahan keçiriləcək və imtahanı uğurla başa vuran iştirakçılar beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR