İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
# 30 may 2013 21:25 (UTC +04:00)

Bakı-APA. Mayın 30-da “Buta” sarayında Azərbaycan Hökuməti adından İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

APA-nın məlumatına görə, əvvəlcə dünya şöhrətli caz musiqiçisi Kristof Gozenin hazırladığı “Mədəniyyətlərarası musiqi mübadiləsi” kompozisiyası nümayiş olunub. On altı dəqiqəlik kompozisiyada dünyanın müxtəlif musiqi mədəniyyəti elementləri təqdim edilib.

Sonra Azərbaycan Hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkil etdikləri müsabiqənin qalibləri mükafatlandırılıb.

Qeyd edilmişdir ki, müsabiqə İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizinin mahiyyətinə uyğun şəkildə keçirilib. Burada əsasən Ərəb Liqasına üzv dövlətlər və Mərkəzi Asiya ölkələri iştirak ediblər.

İlk dörd yerə Fələstin, Livan, Misir və Tacikistanın təmsilçiləri layiq görülmüşlər.

Mərasimdə çıxış edən qaliblər İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq Azərbaycan Hökumətinə dərin minnətdarlıqlarını bildiriblər.

Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir-birinə yaxınlaşmasında Forumun əhəmiyyətini xüsusi vurğulayan qaliblərə diplom və pul mükafatı təqdim edilib.

Ziyafət konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR