İran prezidenti üçüncü dəfə hökumətini tam formalaşdıra bilməyib

İran prezidenti üçüncü dəfə hökumətini tam formalaşdıra bilməyib
# 11 noyabr 2013 07:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamenti noyabrın 10-da ölkə prezidenti Həsən Ruhaninin hökumətdə boş qalmış gənclər və idman naziri vəzifəsinə irəli sürdüyü namizədə etimad məsələsini müzakirəyə çıxarıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, millət vəkilləri Nəsrullah Səccadiyə də etimad göstərməyiblər. Səsvermədən əvvəl İran prezidenti öz namizədini müdafiə edib. N. Səccadi də nazirlik üçün hazırladığı proqramı izah edib, lakin millət vəkillərini razı sala bilməyib.

İran parlamentində keçirilən səsvermə zamanı H. Ruhaninin namizədinin lehinə 124, əleyhinə 107 nəfər səs verib, 22 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, İran parlamenti bundan əvvəl avqustun 15-də və oktyabrın 27-də də H. Ruhaninin nazir postuna təklif etdiyi Məsud Sultanifər və Seyid Rza Salehi Əmiriyə etimad göstərməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR